Azərbaycan Diasporu qondarma “prezident seçkiləri”nə etirazını bildirmişdir
Bakı, 20 iyul (AZƏRTAC). Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində iyulun 19-da keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı Avropa Azərbaycanlıları Konqresi (AAK) və Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi (AAƏM) məktub hazırlamışdır. Bu məktub Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatlarına, eləcə də siyasətçilər, elm və mədəniyyət xadimləri, jurnalistlər və alman ictimaiyyətinin nümayəndələrinə ünvanlanmışdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, məktubda qondarma “seçkilərin” beynəlxalq hüquq normalarına və prinsiplərinə zidd olduğu bildirilmiş, Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyi, bunun nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşadığı barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, bütün bunlara baxmayaraq Ermənistan hələ də beynəlxalq təşkilatların qərar və qətnamələrinə əhəmiyyət vermir və əraziləri işğal altında saxlayır.
Məktubda müxtəlif təşkilatlar Dağlıq Qarabağda beynəlxalq hüququn normalarına və prinsiplərinə zidd keçirilən “prezident seçkiləri”nə münasibətlərini bildirməyi və qanunsuz seçkiləri qınamağı çağırılmışdır.
Sonda bildirilmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız qüvvədə olan beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilərək həll oluna bilər. Yalnız bu halda regionda sülh bərqərar olunacaqdır.