Azərbaycan Dillər Universiteti və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu əməkdaşlığa başlayır
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 28-də Azərbaycan Dillər Universiteti (ADU) ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında Anlaşma Memorandumu imzalanıb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, memorandum mədəniyyət və irsin qorunması, araşdırılması və təbliğ edilməsinə dair oxşar vəzifələri paylaşmaq və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq etmək məqsədilə imzalanıb.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Anlaşma Memorandumunu yüksək qiymətləndirərək deyib: “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk xalqlarının mədəniyyəti, tarixi, mənəvi aləmi ilə məşğul olur. Fond Azərbaycanda və xaricdə çox maraqlı layihələr həyata keçirir. Bu işlərdə universitetimizin potensialından da istifadə etmək məqsədəuyğun olardı. Memorandum universitetimizin müəllim heyətinin və tələbələrinin qarşısında müvafiq sahələr üzrə perspektivlər açacaq”.
Günay Əfəndiyeva ADU-nun əməkdaşlıq üçün böyük potensialı olduğunu vurğulayaraq deyib: “Düşünürəm ki, bu əməkdaşlıq həm türk dünyası, həm Azərbaycan üçün gözəl nəticələr verəcək”.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın türk dünyasına inteqrasiyasında, türkdilli ölkələrlə əlaqələrin genişləndirilməsində ümummilli lider Heydər Əliyevin böyük rolu olduğunu söyləyib. Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun fəaliyyəti və məqsədi, həyata keçirdiyi layihələr haqqında da məlumat verib.
Memorandumda türkdilli xalqların mədəni irsinin təbliği və dahi şəxsiyyətlərinin yubileylərinin qeyd olunması məqsədilə konfrans, seminar, sərgi və bu kimi tədbirlərin birgə keçirilməsi, ADU-nun sonuncu kurs bakalavr və magistr tələbələri üçün Fondda 1-3 aylıq istehsalat təcrübəsinin təşkili və sertifikatların təqdim olunması nəzərdə tutulur. Bununla yanaşı, türk dünyasına mühüm töhfələr verəcək araşdırmalar aparan və tədqiqat işlərinin həyata keçirilməsində fərqlənən tələbələrə təqaüdün verilməsi, türk dünyasının zəngin mədəniyyəti və irsinin qorunması, araşdırılması və təbliğ edilməsinə dair Fondun müvafiq sənədlərinin və elmi-tədqiqatlarının ADU tərəfindən tərcümə edilməsi və birgə nəşrlər, ADU-da Fondun himayəsi ilə Türk Dünyası Elmi-Tədqiqat və Araşdırmalar Mərkəzinin yaradılması sahələri üzrə əməkdaşlıq nəzərdə tutulur.
Anlaşma Memorandumunu Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva imzalayıblar.