Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının radiosu fəaliyyətə başlayıb
Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) Multimedia Mərkəzinin nəzdində olan “ASAPES GOLD” radiosu fəaliyyətə başlayıb. Daha öncə “ASAPES GOLD” Akademiyada yaradılan, tədrisi ingilis dilində aparılan, modul tipli İdman jurnalistikası magistr proqramının tədris prosesində geniş şəkildə tətbiq olunub.
ADBTİA-dan AZƏRTAC-a verilən məlumata görə, yeni layihə fərqli və maraqlı mövzularla dinləyicilərin görüşünə gələcək. Bunlardan biri - “Qaliblər” layihəsi isə artıq start götürüb. Radionun öz fəaliyyətinə bu layihə ilə start verməsi heç də təsadüfi deyil. Çünki 44 günlük Vətən müharibəsində ADBTİA-nın 60-dan çox tələbəsi iştirak edib. Bu verilişdə Vətən borcunu ləyaqətlə yerinə yetirən igidlərimizi daha yaxından tanıyacaq və tanıtdıracağıq. Layihənin ilk qonağı ADBTİA-nın 5-ci kurs tələbəsi Elnur Əkbərov çıxışında döyüşlərin başladığı ilk günlərdən ordu sıralarına qoşulduğunu, torpaqlarımızın düşmənin işğalından azad edilməsi uğrunda sonadək vuruşduqlarını, hər an xalqın dəstəyini və inamını hiss etdiklərini bildirib: “Döyüşlərdə iştirak etdiyimiz ilk gündən bizim yalnız bir məqsədimiz var idi, o da qalibiyyət idi. Biz 44 günlük müharibənin nəticəsində bütün dünyaya Azərbaycan Ordusunun nəyə qadir olduğunu döyüş meydanında sübut etdik”.
Vətən müharibəsi qazisi müharibənin davam etdiyi günlərdə - Füzuli istiqamətindəki döyüşlər zamanı yaralandığını və bu zaman döyüş yoldaşlarının ona kömək etdiklərini qeyd etməklə yanaşı, arxa cəbhədə həkimlərimizin də böyük səylə çalışdıqlarını vurğulayıb.
Qeyd edək ki, qazimiz Elnur Əkbərov təhsil aldığı Akademiyanın Elmi-tədris laboratoriyasında reabilitasiya dövrünü keçir.