AZƏRBAYCAN DÖVLƏTİ CƏMİYYƏTİMİZİN DEMOKRATİKLƏŞMƏSİNDƏ YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARININ FƏALİYYƏTİNƏ BÖYÜK ÖNƏM VERİR
Tədbirdə Şamaxı, Ağsu, Göyçay, Ağdaş, Qəbələ, İsmayıllı, Kürdəmir və Qobustan rayonlarının icra hakimiyyəti, bələdiyyə, məhkəmə, hüquq mühafizə orqanlarının nümayəndələri iştirak etmişdir.
Seminar-müşavirəni Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açmış, sonra Prezidentin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimov mövzu ilə bağlı geniş məruzə ilə çıxış etmişdir.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı demokratik islahatların həyata keçirilməsinin əsasını qoyduğunu bildirən natiq, dövlətimizin bu Əsas Qanununda birinci dəfə olaraq yerli özünüidarəetmə orqanının - bələdiyyə təsisatının da yaradılmasının təsbit edildiyini vurğulamışdır.
Qeyd edilmişdir ki, Avropa Şurasının “Yerli özünüidarə haqqında Xartiyası”nda (1985-ci il) və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda əks olunduğu kimi, müəyyən ərazi vahidinin hüdudları daxilində özünüidarəni həyata keçirən, seçkilər əsasında yaradılan bələdiyyələr yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst həll etmək hüququnu həyata keçirən, əhalinin mənafeyi naminə dövlət işlərinin bir hissəsini öz üzərinə götürərək yerinə yetirən qeyri-dövlət sistemidir. İndiyədək Azərbaycanda iki dəfə - 1999-cu və 2004-cü illərdə bələdiyyə seçkiləri keçirilmişdir.
Mərkəzi Seçki Komissiyası tərəfindən bu il oktyabrın 6-a təyin edilmiş ilk dəfə, təkrar, əlavə və yeni keçiriləcək seçkilərdə 83 seçki dairəsi üzrə 606 bələdiyyəyə 1942 üzv seçilməlidir. Müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin “bələdiyyələrin ölkədə başlanmış demokratik cəmiyyət quruculuğu prosesində önəmli rolu olacaqdır” fikrini xatırladan Ramiq Həşimov demişdir ki, qanunla müəyyən edilmiş bu yerlər uğrunda mübarizəyə 4600-dən çox namizədin qoşulması da bələdiyyə təsisatının özünü doğrultmasının, bu idarəetmə sisteminə cəmiyyətdə marağın və inamın getdikcə artmasının ifadəsidir.
Ötən müddətdə bələdiyyələrin ölkəmizdə gedən nəhəng quruculuq, sosial-iqtisadi inkişafın fəal, aparıcı qüvvələrindən birinə çevrildiyini konkret faktlarla diqqətə çatdıran məruzəçi, yerli özünüidarəetmə orqanlarının təşkilatlanması sahəsində görülən işlərdən də danışmışdır. Bu il iyunun 6-da Bakıda respublikanın bütün şəhər və rayonlarını əhatə edən 74 bələdiyyə sədrinin iştirakı ilə keçirilən təşkilati iclasda ölkəmizdə ayrı-ayrılıqda şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının yaradılması məqsədi ilə işçi qrupları təşkil edilmişdir. Sentyabrın 15-dək onların təsis toplantıları keçiriləcəkdir. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Halvadan Skard iyunda ölkəmizə səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevlə görüşmüş, “Azərbaycanda yerli hakimiyyətlərin milli assosiasiyalarının quruluşu necə olmalıdır?” mövzusunda dəyirmi masada iştirak etmişdir. Bu, respublikamızda bələdiyyə təsisatına Avropa Şurasında da marağın artdığını göstərir.
Məruzəçi Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisə seçkilərlə bağlı 2005-ci il mayın 11-də və oktyabrın 25-də imzaladığı sərəncamlarda ölkəmizdə seçki praktikasının təkmilləşdirilməsi, müvafiq qanunvericiliyin tələblərinə uyğun demokratik, azad, ədalətli, şəffaf seçkilərin keçirilməsi ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrin icrası baxımından yerli icra, bələdiyyə, məhkəmə, hüquq mühafizə orqanlarının vəzifələrindən də ətraflı bəhs etmişdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova “İnsan hüquqlarının təmin olunmasında bələdiyyələrin rolu” mövzusunda çıxışında bələdiyyə seçkiləri ərəfəsində belə görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulamış, ötən seçkilərdə əldə edilmiş təcrübənin təkmilləşdirilməsi, yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün həlli vacib məsələləri diqqətə çatdırmışdır. Ombudsman dövlətimizin başçısı İlham Əliyevin məlum sərəncamlarından irəli gələn tələblərin yerinə yetirilməsinin zəruriliyini vurğulamışdır.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı Ombudsman aparatına daxil olan ərizə və şikayətlərin əsas xarakterik cəhətləri barədə məlumat verən E.Süleymanova insan hüquq və azadlıqlarının təmin olunmasında bələdiyyələrin üzərinə də mühüm vəzifələr düşdüyünü bildirmişdir. İlham Əliyevin “mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” fikrini xatırladan Ombudsman regionlara tez-tez səfər edən dövlətimizin başçısının vətəndaşların şikayətlərinə çox həssaslıqla yanaşdığını və hər bir vəzifəli şəxsin bundan nəticə çıxarmalı olduğunu vurğulamışdır.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəis müavini Həbib Yusifov “Yerli özünüidarənin təşkili: problemlər, vəzifələr” mövzuda məruzəsində bələdiyyələrin fəaliyyəti üçün ölkəmizdə hərtərəfli hüquqi bazanın mövcud olduğunu bildirmişdir. Bununla belə, yerlərdə bələdiyyələrin torpaq mülkiyyətindən heç də həmişə məqsədəuyğun, qanuna müvafiq istifadə edilmədiyini vurğulamış, icra orqanları ilə əlaqələri daha da möhkəmləndirməyin, hüquqi maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini söyləmişdir. Məruzəçi son illər beynəlxalq qurumların Azərbaycanda yerli özünüidarə sahəsində əldə etdiyi uğurları müsbət dəyərləndirdiyini də xatırlatmışdır.
“Bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarının təmin olunması” mövzusunda məruzə edən Mərkəzi Seçki Komissiyasının üzvü Tofiq Həsənov demişdir ki, artıq seçki prosesi əsas mərhələyə keçmiş, namizədlərin təbliğat və təşviqat kampaniyası başlamışdır. Seçkilərin ədalətli, azad, şəffaf şəraitdə keçirilməsi üçün MSK tərəfindən görülən tədbirlər, dairə, məntəqə seçki komissiyalarının bundan sonrakı fəaliyyətinin əsas istiqamətləri barədə danışan məruzəçi beynəlxalq qurumların bu seçkilərə də marağının böyük olduğunu bildirmişdir.
Məruzələrdən sonra müzakirələrdə açıq, işgüzar fikir mübadiləsi aparılmış, qarşıya çıxan və həlli vacib olan məsələlər, mövcud çətinliklər barədə söhbət getmiş, seçkilərin azad, demokratik keçirilməsi üçün ayrı-ayrı rayonlarda görülən işlər haqqında məlumat verilmiş, maraq doğuran suallara aydınlıq gətirilmişdir.
Seminar-müşavirəyə yekun vuran Ramiq Həşimov səslənmiş təklif və tövsiyələrin əlaqədar qurumlar tərəfindən diqqətlə öyrəniləcəyini, belə tədbirlərin digər regionlarda da təşkil ediləcəyini bildirmişdir.