Azərbaycan Dünya Enerji Şurasının tərtib etdiyi “energetika trilemmasının indeksi”ndə öz mövqeyini yaxşılaşdırıb
Bakı, 15 noyabr, Nihad Budaqov, AZƏRTAC
Azərbaycan Dünya Enerji Şurasının (World Energy Council - WEC) tərtib etdiyi “energetika trilemmasının indeksi”ndə öz mövqeyini yaxşılaşdırıb.
AZƏRTAC Dünya Enerji Şurasının “World Energy Trilemma 2018” hesabatına istinadla xəbər verir ki, Azərbaycan WEC-nin 2018-ci il üçün tərtib etdiyi “energetika trilemmasının indeksi”ndə 125 ölkə arasında 27-ci sırada qərarlaşıb. Azərbaycanın reytinqi isə BBA səviyyəsində təyin edilib.
Ölkəmiz 2017-ci ildəki siyahıda 31-ci yeri tutmuşdu. Bu indeks ölkələrin davamlı enerji sistemi ilə təminetmə qabiliyyətini üç bənd üzrə - enerji təhlükəsizliyi, enerji bərabərliyi və ekoloji dayanıqlılıq prinsiplərinə əsasən qiymətləndirir.
Builki reytinqdə ilk onluqda Danimarka, İsveçrə, İsveç, Niderland Krallığı, Böyük Britaniya, Sloveniya, Almaniya, Yeni Zelandiya, Norveç və Fransa qərarlaşıb. Region ölkələrindən Türkiyə 44-cü, Rusiya 59-cu, Gürcüstan 69-cu, Qazaxıstan 72-ci, İran isə 81-ci yeri tutub. Reytinqin sonuncu pilləsində Niger qərarlaşıb.
Xatırladaq ki, Dünya Enerji Şurası beynəlxalq qeyri-kommersiya enerji təşkilatıdır. BMT-də akkreditə olunan bu qurum enerji problemləri ilə məşğuldur, öz sıralarında dünyanın 100-ə yaxın ölkəsindən 3000-dən çox dövlət təşkilatını və özəl təşkilatı birləşdirir.