Azərbaycan Dünya Sağlamlıq Səyahət Konsulunun iclasında təmsil olunub
Bakı, 12 oktyabr, AZƏRTAC
Dubayda Beynəlxalq Tibbi Sağlamlıq Turizmi sərgisi çərçivəsində Dünya Sağlamlıq Səyahət Konsulunun iclası keçirilib. Azərbaycan Sağlamlıq və Termal Turizm Dəstək Assosiasiyasını (AHTTSA) təmsil edən nümayəndə heyəti assosiasiyanın üzvü olaraq iclasda iştirak edib.
AHTTSA-dan AZƏRTAC-a bildirilib ki, iclasda Türkiyə, Almaniya, Böyük Britaniya, Qazaxıstan, Rusiya, Ukrayna, Yunanistan, Hindistan, Polşa, Seneqal, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Panama, Estoniya və digər ölkələrin nümayəndələri iştirak ediblər.
Tədbirdə sağlamlıq turizmin gələcək perspektivləri, mövcud olan marketinq strategiyasının, hədəf qruplarının və potensial bazarlarının yenidən baxılması, sağlamlıq turizm universitetinin yaradılması və digər bu kimi mövzular üzərində müzakirələr aparılıb.
AHTTSA-nın nümayəndəsi “Azərbaycanda sağlamlıq turizmin inkişafı, müalicə üstünlükləri və üsulları” adlı təqdimatla çıxış edib. Bundan əlavə qonaqlara Azərbaycanın sağlamlıq turizm imkanlarını əks etdirən reklam və çap məhsulları təqdim olunub.
Sonda üzvlərin iştirakı ilə səsvermə nəticəsində iordaniyalı doktor Favzi Al-Hammouri assosiasiyanın yeni başçısı seçilib.