MƏDƏNİYYƏT
Azərbaycan Dünya Turizm Təşkilatının icraiyyə şurasının üzvü kimi
Bakı, 22 dekabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyətini uğurla davam etdirir. Xüsusilə üzv olduğu BMT-nin Dünya Turizm Təşkilatı (DTT) ilə əməkdaşlıq bu il daha əhəmiyyətli xarakter alıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2013-cü ildə DTT-nin Baş Assambleyasının 20-ci sessiyasında Azərbaycanın təşkilatın icraiyyə şurasının üzvlüyünə qəbul olunmasından sonra ölkəmiz onun iclaslarında və məsələlərin müzakirəsində səsvermə hüququ ilə iştirak edir.
Bu ilin aprel ayında Bakıda DTT-nin Avropa Komissiyasının 57-ci iclası və “Səmərəli turizm klasterlərinin inkişafı” üzrə seminar keçirilib. Otuz ölkədən 70-dən çox nümayəndənin iştirak etdiyi iclasda Avropa turizminin problemləri, inkişaf perspektivləri, dövlət-özəl sektor əməkdaşlığı, sərmayələrə şərait yaradılması üçün biznes mühitinin yaxşılaşdırılması məsələləri müzakirə edilib. Seminarda isə turizm klasterlərinin təşviqi, yeni turizm məhsullarının təşviqində müasir əməkdaşlıq formaları və digər məsələlər müzakirə edilib, qərarlar qəbul olunub.
Bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanda bu tədbirin təşkili həm DTT çərçivəsində əməkdaşlığın gücləndirilməsi, həm də gələcəkdə turizm sahəsində inkişafa nail olmaq üçün böyük zəmin yaradıb.
Azərbaycan tərəfi iyun ayında İspaniyada DTT-nin icraiyyə şurasının 98-ci sessiyasında nümayəndə heyəti ilə iştirak edib. Sessiya çərçivəsində “Regional inkişafın dəstəklənməsi və inteqrasiyasında turizm marşrutlarının rolu” mövzusunda müzakirələr aparılıb. Həmçinin növbəti toplantının gündəliyinə işğal olunmuş ərazilərin turizm baxımından təbliğatının qarşısının alınması ilə bağlı xüsusi bəndin salınması və bununla bağlı Azərbaycan tərəfindən müvafiq qətnamə layihəsinin hazırlanması təklif edilib.
Bunun nəticəsi olaraq, oktyabr ayında Özbəkistanın Səmərqənd şəhərində DTT-nin icraiyyə şurasının 99-cu iclasında sənəd layihəsinə cari ilin noyabr tarixində Dünya Etika Komitəsinin iclasında baxılması qərara alınıb. Qeyd edək ki, Azərbaycanın bu qətnaməni təqdim etməkdə məqsədi dünyada turistlərin təhlükəsizliyinin təmin edilməsi, milli və beynəlxalq hüquq normalarının pozulmasının və münaqişəli ərazilərin turizm məqsədilə təbliğinin qarşısının alınması idi.
Nazirliyin DTT ilə əməkdaşlığı təkcə beynəlxalq tədbirlərdə iştirakla məhdudlaşmır. Mütəmadi keçirilən sorğular, seminarlar, təlimlər, təşkilat tərəfindən nəşr olunan materiallarda Azərbaycanla bağlı məlumatların hazırlanması, yenilənməsi və digər proseslərdə fəal iştirak edən Mədəniyyət və Turizm Nazirliyi təşkilat çərçivəsində daim öz mövqeyini yüksəltmək üçün səylərini əsirgəmir.
Qeyd edək ki, DTT ilə əməkdaşlıq ölkəmizdə turizm idarəetmə mexanizmlərinin yaradılmasına, turizmin davamlı inkişafının təmin edilməsinə, turizm sənayesinin iqtisadiyyatımızın ən gəlirli sahələrindən birinə çevrilməsinə və Azərbaycanın turizm sahəsində beynəlxalq səviyyədə özünəməxsus yer tutmasına xidmət edir.