Azərbaycan ekoloji texnologiyalar üzrə dünyanın ən böyük sərgi-konfransında təmsil olunub
Bakı, 6 iyun, AZƏRTAC
Almaniyanın Münhen şəhərində ekoloji texnologiyalar üzrə təşkil olunan ən böyük sərgi-konfrans (“IFAT-2016”) öz işini başa çatdırıb. Bərk məişət tullantılarının idarə edilməsinə həsr olunan builki sərgi-konfransda yüzlərlə şirkətin ətraf mühitin qorunması ilə bağlı texnologiyaları nümayiş etdirilib.
Tədbirdə Azərbaycanı təmsil edən “Təmiz Şəhər” ASC-nin nümayəndələri tullantıların idarə olunması sahəsində ən son texnologiyaların ölkəmizdə tətbiqi imkanlarını öyrəniblər.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçılarına Azərbaycanda tullantıların idarə edilməsi sahəsində aparılan işlər və tətbiq olunan modern texnologiyalar barədə məlumat verilib. Eyni zamanda, qurumun əməkdaşları sərgi-konfransda iştirak edən digər şirkətlərlə tanış olaraq əməkdaşlıq əlaqələri qurub, müxtəlif ölkələrin bu sahədə qazandığı təcrübəni öyrəniblər.
“IFAT-2016” sərgi-konfransında 170 ölkədən təqribən 150 min nəfər iştirak edib.