Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Bilik Günü qeyd edilib
Bakı, 15 sentyabr, AZƏRTAC
15 Sentyabr - Bilik Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) tədbir keçirilib.
Konfederasiyadan AZƏRTAC-a bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Akademiyanın rektor vəzifəsini icra edən Yusif Ağayev yeni dərs ilinin başlanması münasibətilə professor-müəllim heyətini və tələbələri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
AHİK sədrinin müşaviri Nigar Vahabzadə çıxışında Konfederasiyanın elm və təhsil, eləcə də gənclərlə iş sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb, akademiyada yaradılmış müasir tədris mühitinin və tələbələr üçün imkanların onların gələcək peşəkar inkişafına önəmli töhfə verəcəyini vurğulayıb.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ETİHİ RK) sədri Araz Paşayev isə AƏSMA və ETİHİ RK arasında mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən danışıb. O, Akademiyanın bir neçə məzununun Komitədə çalışmasından məmnunluqla bəhs edib, bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyini bildirib.
Tədbirdə çıxış edən valideynlər və tələbələr Akademiya, həmçinin yeni tədris ili ilə bağlı arzu və istəklərini dilə gətiriblər.