İQTİSADİYYAT
AZƏRBAYCAN ENERGETİKLƏRİ QIŞ MÖVSÜMÜNƏ HAZIRLAŞIRLAR
Soyuqların düşməsinə az qalmışdır, bununla əlaqədar ölkədə elektrik enerjisi istehlakı get-gedə artacaqdır. Azərbaycan energetikləri bunu nəzərə alaraq, payız-qış mövsümünə hazırlıq proqramını həyata keçirmişlər.
“Azərenerji” SC-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ölkədə istehsal olunan elektrik enerjisinin təxminən 60 faizini verən Azərbaycan DRES-də qışa hazırlıq işlərinə başlanmışdır. Ötən üç ay ərzində energetiklər təmir işlərinə təxminən 500 min dollar sərf etmişlər ki, bu da enerji bloklarının gücünü 250-260 MVt-ya catdırmağa imkan vermişdir. DRES-in mütəxəssisləri öz imkanlarından istifadə edərək turbin aqreqatlarında nasosları və digər bahalı detalları dəyişməyə, enerji bloklarının texniki-iqtisadi göstəricilərini yaxşılaşdırmağa, stansiyanın fasiləsiz işləməsi üçün hər cür şərait yaratmağa nail olmuşlar. Blokları idarəetmə lövhələri isə dünya standartlarına uyğun təchiz edilmişdir.
Azərbaycan energetikləri hasil olunan elektrik enerjisinin hər kilovat-saatına yanacaq sərfinini azaltmağa nail olmuşlar ki, bu da yüz və min tonlarla bahalı yanacağa qənaət etməyə imkan verəcəkdir.