Azərbaycan Futzal Federasiyasının prezidenti milli komandanın üzvləri ilə görüşüb
Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov dünya çempionatının elit-raund mərhələsində Bakıda Rumıniya yığmasını qəbul edəcək milli komandanın heyəti ilə görüşüb.
AFF-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, federasiya rəhbəri komandanın üzvlərinə qarşıdakı oyunlarda uğurlar arzulayıb. Yığmanın baş məşqçisi Vitali Borisov hazırlıq və oyunçuların durumu ilə bağlı Z.Axundova məlumat verib.
Görüşdə AFF-nin vitse-prezidenti Elşən Abasov, İcraiyyə Komitəsinin üzvü Rövşən Mirzəyev də iştirak ediblər.
Qeyd edək ki, dekabrın 15-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan-Rumıniya oyunu saat 20:00-da başlayacaq.