AZƏRBAYCAN GƏNCLƏRİ DÖVLƏT SİYASƏTİNİ BƏYƏNİR VƏ DƏSTƏKLƏYİRLƏR
AZƏRTAC xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyində 2 fevral - Azərbaycan Gəncləri günü münasibətilə mərasim keçirilmişdır. Birliyin baş direktor müavini Mehman Həsənov mərasim iştirakçılarını bayram münasibətilə təbrik etmiş, gənclərin ictimai həyatdakı fəaliyyətindən, elm, mədəniyyət, təhsil və digər sahələrdəki uğurlarından danışmışdır.
Bildirilmişdir ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilir. Bu siyasət bir neçə istiqamətdə - gənclərin dövlət qulluğuna irəli çəkilməsi, əlverişli təhsil mühitinin yaradılması, tələbə təqaüdlərinin mütəmadi artırılması, gənclərin mənzil-məişət problemlərinin həllinə yönələn ipoteka kreditlərinin verilməsi, idmanın inkişafına və idmançılara göstərilən dövlət qayğısı formalarında özünü qabarıq şəkildə büruzə verir. Məhz bunun nəticəsidir ki, dövlətimizin başçısı bütün Azərbaycan gəncliyi tərəfindən sevilir və dəstəklənir.
"Aztelekom" İstehsalat Birliyi Gənclər Təşkilatının sədri Vüsalə Niftəliyeva çıxışında bildirdi ki, Prezident İlham Əliyev tərəfindən "Gənclər ili" elan olunmuş 2007-ci ildə idman sahəsində də uğurlar əldə olunmuşdur. "Aztelekom" komandası stolüstü tennis üzrə Bakı birinciliyi və ölkə kuboku uğrunda yarışlarda I yeri tutmuşdur. Birliyin idmançıları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Spartak" KBTİC ilə birgə təşkil etdiyi "Sağlamlıq-2007" Respublika spartakiadasında idmanın 8 növü üzrə yarışlarda fəal iştirak etmiş, futzal, şahmat, dama, voleybol, stolüstü tennis və kəndirdartma üzrə birinci, kross qaçışında ikinci, nərddə isə üçüncü yeri tutmaqla komanda hesabında birinci olmuşlar. "Aztelekom" ilk partiya təşkilatının komandası stolüstü tennis üzrə birinci, şahmat və voleybol üzrə isə ikinci yeri tutaraq YAP-ın 15 illiyi münasibətilə partiyanın Yasamal rayon təşkilatının ilk təşkilatlar arasında təşkil etdiyi yarışlarda komanda hesabında birinci olmuşdur.
Digər natiqlər də gənclərin həyatımızın başqa sahələrdəki uğurlarından, Azərbaycan gənclərinə dövlətimizin göstərdiyi yüksək diqqət və qayğıdan söz açmışlar.