AZƏRBAYCAN GİMNASTI SLOVAKİYA TURNİRİNİN BÜRÜNC MÜKAFATÇISIDIR
Bakı, 13 aprel (AZƏRTAC). Slovakiyada keçirilən beynəlxalq turnirdə Azərbaycan gimnastı Samirə Mustafayeva bürünc medala layiq görülmüşdür. Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirmişlər ki, o, lentlə hərəkətlərin finalında 23.85 xal toplayaraq üçüncü nəticə göstərmişdir.
İdmançımız ip və topla hərəkətlərin finalında dördüncü yeri tutmuş, halqa ilə hərəkətlərdə 8 finalçı arasında axırıncı, çoxnövçülükdə isə 6-cı olmuşdur.
Azərbaycanın digər gimnastı Anna Qurbanova gələn ay Bakıda start götürəcək Avropa çempionatına hazırlıq çərçivəsində Kiyevdə Qran-pri seriyasından turnirdə çıxış etmişdir.
Mütləq birincilikdə Anna 8-ci olmuşdur. O, ən yaxşı nəticəni iplə hərəkətlərdə göstərərək 24.875 xalla altıcı pilləyə yüksəlmişdir. Qalib isə ilin əvvəlindən mühüm yarışlarda iştirak etməyən ukraynalı Anna Bessonova olmuşdur. O, rusiyalı Dariya Kondakovanı 5 bal geridə qoymuşdur. Üçüncü yeri İsrail gimnastı İrina Risenzon tutmuşdur.
A.Qurbanova Kiyevdən Portuqaliyanın Portiman şəhərinə yola düşəcəkdir. O, komanda yoldaşları Aliyə Qarayeva və Zeynəb Cavadlı və qrup kollektivi (Vəfa Hüseynova, Dina Qorina, Anastasiya Prasolova, Valeriya Yeqay, Ceyla Quliyeva və Nigar Mirzəyeva) ilə birlikdə aprelin 17-19-da burada keçiriləcək Dünya kuboku yarışlarında iştirak edəcəkdir. Azərbaycanın gənclərdən ibarət qrup komandası da (Səbinə Abbasova, Nigar Əbdüsəlimova, Yevgeniya Jidkova, Aelita Xələfova, Kamilə Məmmədova və Lalə Məhərrəmova) elə həmin şəhərdə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəkdir.
Daha bir beynəlxalq turnir həftənin sonunda baş tutacaqdır. Aprelin 15-18-də Həştərxanda Yekaterina Prokopenko (1997-ci il təvəllüdlü) və Lalə Yusifovanın (1996) iştirakı ilə gənclər arasında yarışlar keçiriləcəkdir.