“Azərbaycan görüşlər bələdçisi” jurnalının yeni nəşri təqdim olunub
Bakı, 27 fevral, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu (AKB) “Azərbaycan Görüşlər Bələdçisi” jurnalının (Azerbaijan Meeting Planner's Guide) yeni nəşrini təqdim edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, beş yüz nüsxədə çap olunan yeni nəşrdə AKB-nin fəaliyyəti və bütün üzvləri barədə məlumatlar yer alıb.
Jurnalda həmçinin, Azərbaycan barədə, xüsusən də ölkəmizin turizm sahəsinin inkişafı və potensialı haqqında və mehmanxana, turizm agentliklərinin idarə olunması üzrə ixtisaslaşan şirkətlərlə bağlı məlumatlar yenilənmiş şəkildə dərc olunub.
“Görüşlər Bələdçisi”nin yeni nəşri turizm tədbirlərində, ticarət sərgilərində, büronun satış missiyalarında və bu kimi digər sahələrdə istifadə olunacaq.