“AZƏRBAYCAN HAVA YOLLARI” DÖVLƏT KONSERNİ UKRAYNADAN TƏYYARƏLƏR ALMAQ NİYYƏTİNDƏDİR
Konsernin baş direktoru Cahangir Əsgərov bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya dövlət səfəri zamanı iqtisadi sahədə əməkdaşlıq haqqında bir sıra sənədlər imzalanmışdır. Azərbaycan nümayəndə heyətinin üzvləri Ukrayna aviasiya sənayesinin məhsulları ilə tanış olmuşlar. Azərbaycan kiçik aviasiyasını inkişaf etdirir və bu məqsədlə təyyarələr almaq niyyətindədir.
Xarkov Dövlət Aviasiya Müəssisəsinin baş direktoru Pavel Naumenkonun sözlərinə görə, bu müəssisənin istehsal etdiyi AN tipli təyyarələri MDB və Yaxın Şərq ölkələri alırlar. Azərbaycan da kiçik aviasiyası üçün nəzərdə tutulan AN-104-100 təyyarələrini almaq niyyətində olduğunu bildirmişdir.
“Azərbaycan Hava Yolları” Dövlət Konserninin rəhbərliyinə bu maşının texniki-uçuş imkanları nümayiş etdirilmişdir.
Danışıqların yekunlarına dair Azərbaycan Respublikasının və Ukraynanın aviasiya administrasiyaları arasında aviasiya heyəti şəhadətnamələrinin tanınması haqqında və aviasiya texnikasına texniki xidmətlər göstərən təşkilatların sertifikatlarının tanınması haqqında sazişlər imzalanmışdır.