AZƏRBAYCAN İDMANÇISI DÜNYA ÇEMPİONATININ QIZIL MEDALINI QAZANMIŞDIR
Bakı, 10 iyun (AZƏRTAC). Azərbaycan idmançısı Cahangir Bayramov (80 kq-dan yuxarı) Bakıda paralimpiyaçı taekvondoçular arasında keçirilən dünya çempionatının qalibi olmuşdur. Finalda Azərbaycan idmançısı İsrail təmsilçisi Devid Ben Elisha üzərində qələbə qazanaraq birinci yeri tutmuşdur. Yığma komandamızın heyətində Rəhman Ələkbərov (68 kq) və Aleksandr Polişuk (80 kq-dan yuxarı) gümüş, Vüqar Adışirinov (80 kq) və Rövşən Qəhrəmanov (58 kq) isə bürünc medala sahib olmuşlar.
Final görüşlərindən əvvəl isə yarışın təntənəli açılışı olmuşdur.
Bakı İdman Sarayında əvvəlcə Dünya Taekvondo Federasiyasının (WTF) bayrağı arenaya gətirildi.
Tədbirdə çıxış edən Dünya Taekvondo Federasiyasının prezidenti Cunq Von Co Bakıda təşkil olunan dünya çempionatının para-taekvondonun artıq universal bir idman növünə çevrilməsinin bariz nümunəsi olduğunu bildirmişdir.
Qonaq demişdir ki, WTF taekvondonun inkişafı üçün əlindən gələni əsirgəmir.
İdmanın bu növünün daha çox təbliği və inkişafı məqsədi ilə yaxın gələcəkdə dünyanın bir neçə ölkəsində təlim proqramlarının keçirilməsi nəzərdə tutulmuşdur.
WTF-nin vitse-prezidenti, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov beynəlxalq səviyyəli yarışların ölkəmizdə keçirilməsinin artıq ənənə halını aldığını deyərək, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını bildirmişdir.
K.Heydərov demişdir ki, ölkəmizdə idmanın bütün növlərində kütləviliyin təmin olunması, olimpiya idman komplekslərinin tikintisi, Azərbaycanda beynəlxalq səviyyəli yarışların keçirilməsi Prezident İlham Əliyevin bu sahəyə diqqətinin bariz nümunəsidir.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan idmanının son illər qazandığı uğurları barədə məlumat vermişdir. Nazir ölkəmizin dünya və Avropa çempionatlarına yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırmışdır.
WTF-nin prezidenti Cunq Von Co Kəmaləddin Heydərova və Azad Rəhimova, müvafiq olaraq, beşinci və dördüncü dan qara kəmər sertifikatlarını təqdim etmişdir.
Yarışın bədii hissəsində isə incəsənət ustaları maraqlı proqramla çıxış etmişlər. Daha sonra para-taekvondo üzrə dünya çempionatının final görüşləri başlamışdır.
Digər çəki dərəcələrində Bofa Konq (58 kq), Jose Athami Santana (58 kq), Nikolas Saez Manzares (68 kq, Fransa), Artur Kan (68 kq, Rusiya), Kayan Bayram (80 kq, Türkiyə), Vu Tenq - Vu (80 kq, Tayvan) kişilər, Pressilia Laura Şiel (67 kq, Fransa) isə qadınlar arasında birinci yeri tutmuşlar.
Komanda hesabında Fransa birinci olmuşdur. Azərbaycan yığması ikinci, Türkiyə komandası isə üçüncü yeri tutmuşdur.
İyunun 11-də isə komandalar arasında dünya kuboku turnirinə start veriləcəkdir.
Qeyd edək ki, həm dünya kuboku, həm də dünya çempionatında ümumilikdə, Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Venesuela, Ukrayna, İsveç, Rusiya, Hollandiya, Monqolustan, Koreya Respublikası, İordaniya, İsrail, Yunanıstan, Almaniya, Fransa, Kolumbiya, Braziliya, Avstraliya, Kanada, Taypei, Misir, Gürcüstan, Böyük Britaniya, Qvatemala, İran, İtaliya, Qazaxıstan, Meksika, Mərakeş, Filippin, İspaniya, Özbəkistan, Vyetnam idmançıları iştirak edirlər.
######
![]() |
![]() |
![]() |


