Azərbaycan ilə Rusiya arasında münasibətlər yüksək səviyyəyə çatıb
Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 4-də Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər qurulmasının 25 illiyi qeyd edilir. Həmin dövr ərzində bu münasibətlərin xarakteri və keyfiyyəti xeyli dəyişib.
Tanınmış rusiyalı ekspertlər - “Masterskaya yevraziyskix idey” (“Avrasiya ideyaları emalatxanası”) Elmi Tədqiqatlara Dəstək Fondunun Ekspert Şurasının sədri Qriqori Trofimçuk, Rusiya XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi Aleksey Fonenko, Rusiya Elmlər Akademiyasının Sosial-Siyasi Tədqiqatlar İnstitutunun böyük elmi işçisi İqor Seleznyov və “Kaspiy-Yevraziya” Beynəlxalq Müasir Tədqiqatlar Mərkəzinin rəhbəri Andrey Sızranov “Sputnik Azərbaycan” portalının Multimedia mətbuat mərkəzində bu prosesin necə baş verdiyindən və Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrinin perspektivlərindən danışıblar.
Azərbaycan-Rusiya münasibətləri 25 il ərzində çox sınaqlardan keçib, bəzən təhlükəli və mürəkkəb olub, amma hazırda istər diplomatik aspektdə, istərsə də başqa sahələrdə yüksək səviyyəyə çatıb.
Rusiyalı ekspertlər mətbuat konfransında Azərbaycan ilə Rusiya arasında qarşılıqlı münasibətlərin tarixindən, ümumi dəyərlərdən və problemlərdən danışıblar, iki ölkənin qarşılıqlı münasibətlərinin aktual məsələlərini müzakirə ediblər.
Ekspertlər belə bir məsələdə həmrəy olublar ki, iqtisadi, siyasi və mədəni əlaqələri bundan sonra da inkişaf etdirmək lazımdır. Onlar vurğulayıblar ki, qarşılıqlı ekspert-media fəaliyyəti həqiqətin insanlara çatdırılmasının lokomotivi olmalıdır.