AZƏRBAYCAN İNCƏSƏNƏT XADİMLƏRİNİN AVROPA ASSOSİASİYASI YARADILMIŞDIR
Assosiasiyanın təsis olunmasından əsas məqsəd Avropadakı incəsənət xadimlərimizi Vətənimiz naminə birləşdirməklə bütün dünya xalqlarına örnək olacaq mənəvi-siyasi həmrəylik nümayiş etdirmək ruhunda təşkilatlandırmaqdan, mədəni irsimizin və incəsənətimizin, həmçinin Azərbaycan həqiqətlərinin Qərb ictimaiyyətinə təbliğinə töhfə verməkdən ibarətdir.
Azərbaycan mədəniyyəti və incəsənətini layiqincə tanıtmaq məqsədini qarşıya qoyan Assosiasiya fəaliyyəti çərçivəsində mədəni proqramların, konsertlərin, sərgilərin, təqdimat və yubiley mərasimlərinin təşkili, o cümlədən respublikamızın tanınmış musiqiçilərinin, rəssamlarının, bədii sənətkarlıq yaradıcılarının, yazıçı və şairlərinin Avropaya dəvət olunması işinə maddi və mənəvi dəstək verməyi qarşısına məqsəd qoymuşdur.
Assosiasiyanın sədri Əşrəf Heybətov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, “Azərbaycan İncəsənət Xadimlərinin Avropa Assosiasiyası”nın devizi latın hikmətli kəlamıdır: “Ars viva - ars homana” - Canlı incəsənət - bəşəri incəsənət”dir. Təsis yığıncağında bu gün Almaniya, Avstriya, İsveçrə, Hollandiya, Belçika və Avropanın digər ölkələrində yaşayıb-yaradan 40-dan artıq soydaşımız iştirak etmişdir. Qurumun tərkibində dünyaşöhrətli Azərbaycan bəstəkarı Firəngiz Əlizadə (Almaniya), pianoçu, beynəlxalq müsabiqələrin laureatı Adilə Əliyeva (İsveçrə), Braunşvayq Opera və Balet Teatrının solisti Elxan Ağaquliyev (Almaniya) və bir çox tanınmış incəsənət ustalarımız və sənət adamlarımız var. Məşhur yazıçı və diplomat Çingiz Aytmatov qardaş xalqın təsis etdiyi Assosiasiyanın fəxri üzvü seçilmişdir.
Azərbaycanlı incəsənət fədailərimizin əsas amalı və yaradıcılığının əsas qayəsi Vətənə məhəbbət və doğma Azərbaycanın zəngin mədəni irsini təbliğ etməkdən ibarətdir. Assosiasiya Azərbaycanın yaradıcılıq birlikləri, Mədəniyyət və Turizm Nazirliyi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə sıx təmasda fəaliyyət göstərəcəkdir.