SİYASƏT
Azərbaycan-İordaniya diplomatik münasibətlərinin 30 illiyi qeyd olunub
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İordaniya Xarici İşlər Nazirliyinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş qardaş və dost ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri və diplomatları, həmçinin İordaniya Senatı və Nümayəndə Palatasının üzvləri, Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin rəhbərliyi və yerli media təmsilçiləri iştirak ediblər.
Azərbaycan və İordaniyanın Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir Eldar Səlimov iki ölkə arasındakı əlaqələrindən geniş bəhs edib. Diplomat diqqətə çatdırıb ki, dostluq və əməkdaşlıq zəminində gündən-günə inkişaf edən bu əlaqələrin təməli məhz 1994-cü il dekabrın 13-də İslam Əməkdaşlıq Təşkilatının Kasablanka Zirvə Görüşündə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Kral Əl-Hüseyn İbn Talal arasında keçirilmiş tarixi görüşdə qoyulub. Dost ölkələr arasında əməkdaşlıq Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın qarşılıqlı rəsmi səfərləri və görüşləri sayəsində məzmunca və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Beynəlxalq təşkilatlar və təsisatlar çərçivəsində ikitərəfli əməkdaşlığın müsbət dinamikaya malik olduğunu xüsusi qeyd edən səfir artıq tarixə qovuşmuş Qarabağ probleminin həllində İordaniya Haşimilər Krallığının dəyişməz mövqeyini yüksək qiymətləndirib, həmçinin parlamentlərarası əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
Səfir E.Səlimov Azərbaycanın dost İordaniya ilə əlaqələri bütün sahələrdə daha da inkişaf etdirmək əzmini bir daha vurğulayıb, diplomatik nümayəndəliyimizin bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib.
Sonra tədbir iştirakçıları tematik fotosərgi ilə tanış olublar.