Azərbaycan iqlim dəyişikliyinin təsirlərinə və iqlimlə bağlı təhlükələrə qarşı həssasdır
Bakı, 10 mart, AZƏRTAC
İqlim dəyişikliyi, temperaturun artması, şaxtalı və qarlı günlərin sayının azalması son onilliklər ərzində su ehtiyatlarının 15 faiz azalması ilə nəticələnib. Son 30 il ərzində isti dalğalar 14 dəfəyə qədər artıb. Azərbaycanda son 10 il ərzində dolu hadisələrinin sayı 3,2 dəfə, sel hadisələrinin sayı xeyli artıb. 1960-2000-ci illərdə orta hesabla ildə 2-3 hadisə baş verirdisə, son illərdə bu rəqəm 40-50 hadisə olaraq qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakı Beynəlxalq Humanitar Forumunda “Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; qida təhlükəsizliyi; nüvə təhlükəsizliyi” mövzusuna həsr olunmuş panel iclasda çıxış edərək deyib.
Azərbaycanın iqlim dəyişikliyinin təsirlərinə və iqlimlə bağlı təhlükələrə qarşı daha həssas olduğunu söyləyən nazir, ölkədə qurulan erkən xəbərdarlıq sistemləri barədə məlumat verib. “İlk növbədə su və kənd təsərrüfatı sektorunda uyğunlaşma və dayanıqlılığa diqqət yetirilməlidir, çünki məhz bu sektorlar ən çox iqlim risklərinin təsirinə məruz qalır və əhalinin əhəmiyyətli hissəsinin dolanışıq vasitələrini təmin edir. Təhlükəli hidrometeoroloji hadisələrə davamlılığı təmin etmək üçün biz müasir erkən xəbərdarlıq sistemlərini qururuq və bu fəaliyyəti inkişaf etidiririk. Daha effektiv məlumat mübadiləsini təmin etmək məqsədilə erkən xəbərdarlıq sistemləri sahəsində regional əməkdaşlıq platforması yaratmağı nəzərdən keçiririk”, - deyib.
İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması istiqamətində görülən işlərlə forum iştirakçılarını tanış edən nazir Muxtar Babayev bildirib ki, atılan addımlar qlobal məqsədlərə uyğun olaraq bərpa olunan enerji mənbələrindən istifadəni, eləcə də təmiz enerji texnologiyalarından istifadəni əhatə edir. “İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış, “ağıllı şəhər” “ağıllı kənd” yanaşmalarının tətbiqi, həmçinin “yaşıl enerji” və “yaşıl kənd təsərrüfatı” konsepsiyalarının inkişafı mitiqasiya təşəbbüslərinə birbaşa töhfə verəcək”, - deyib. Nazir işğaldan azad edilmiş ərazilərdə də hidrometeoroloji şəbəkənin bərpası barədə məlumat verib: “Zəngilan rayonunun Ağalı kəndində 10 çayda 11 avtomatik hidroloji stansiya və avtomatik aqrometeoroloji stansiya quraşdırılaraq istifadəyə verilib. Bundan başqa, Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında 5 avtomatlaşdırılmış meteoroloji stansiya quraşdırılacaq. Ərazilərimizin azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası 2050-ci ilə qədər yaşıl enerji və sıfır emissiya zonası yaratmaqla davamlı inkişaf imkanlarını da açır”.
Nazir Muxtar Babayev iqlim dəyişikliyinin təsirlərinin azaldılmasında əsas prioritet sahələrdən biri meşə sahələrinin bərpası və yaşıllıqların artırılması olduğunu deyib və buna nail olmaq üçün məqsədimizin bu il ərzində 3 milyon ağac əkmək olduğunu billdirib. “Gələcək nəsillər üçün sağlam ətraf mühiti təmin etməyi hədəfləyiriksə, iqlim dəyişikliyinin mənfi təsirləri ilə mübarizə və ətraf mühitin deqradasiyasının qarşısının alınması üzrə birgə səylərimiz çox vacibdir,” - deyərək nazir çıxışını tamamlayıb.