Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının növbəti hesabatını gözləyir - EKSKLÜZİV
Bakı, 2 dekabr, Elmir Səftərov, AZƏRTAC
COP29-da əsas qərar 300 milyard ABŞ dolları hədəfi ilə bağlı qəbul edilib. Qərarın icrasının praktiki nəticələri yaxın gələcəkdə özünü göstərəcək, çünki qərarın qəbulundan sonra geosiyasi mühitdə müəyyən dəyişikliklər baş verib. Bəzi ölkələr iqlimlə bağlı xərclərini müdafiə və təhlükəsizlik sahəsinə yönəldiblər. Bu baxımdan müəyyən risklər hələ də mövcuddur. Bundan əlavə, maliyyə hədəfinə töhfə verməsi gözlənilən çoxtərəfli inkişaf bankları ilə bağlı müəyyən risklər də mövcuddur. Həmin bankların hədəfə nə qədər töhfə verəcəyi barədə hələlik aydın təsəvvür yoxdur.
Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev söyləyib.
O vurğulayıb ki, aparılan fəaliyyətin, ayrılan vəsaitin və göstərilən töhfələrin hesabını aparan qurumlar mövcuddur. Parisdə yerləşən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) inkişaf etmiş dövlətlərin inkişaf etməkdə olan ölkələrə ayırdığı iqlim maliyyəsini illik əsasda qeydiyyata alır. Hazırda biz onların növbəti hesabatını gözləyirik. Bu hesabatda illik əsasda nə qədər vəsait toplandığı əks olunacaq. Düzdür, hesabatlar müəyyən gecikmə ilə təqdim olunur, lakin bu məlumatlar bizə dinamikanı izləməyə imkan verəcək. Sonuncu dəfə 2022-ci il üzrə təxminən 118 milyard ABŞ dollarına yaxın vəsait qeydə alınıb. Yeni hesabat sayəsində həmin dövrdən bəri artımın səviyyəsini müşahidə etmək mümkün olacaq. Bu dinamika əsasında 2035-ci il Bakı Maliyyə Hədəfinə nə qədər yaxın və ya uzaq olduğumuzu müəyyən etmək mümkün olacaq.