AZƏRBAYCAN İQTİSADİYYATI YÜKSƏLƏN XƏTT ÜZRƏ İNKİŞAF ETMƏKDƏDİR
Palatanın əməkdaşı Frederik Rebiyer konfransı açaraq son dövrlərdə dünyada enerji böhranının aradan qaldırılmasında neftin əvəzsiz rol oynadığını, Azərbaycan iqtisadiyyatının yüksəlişində neftin mühüm yer tutduğunu, ölkəmizin Cənubi Qafqaz bölgəsinin lider dövləti olduğunu bildirmişdir.
Palatanın prezidenti Qulam Abyar rəhbərlik etdiyi qurumun Fransa ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və inkişafında rolundan danışmış, “Total” şirkətinin ölkəmizdə fəaliyyəti barədə məlumat vermişdir.
“Total”ın Mərkəzi Asiya-kontinental Avropa üzrə texniki müşaviri Anri Löqran və “Teknip” şirkətinin bölmə rəhbəri Pyer Kerqustank “Azərbaycanda neft hasilatı” mövzusu ətrafında məruzə etmişlər.
Onlar Azərbaycanda neft sənayesinin tarixindən danışmış, İkinci Dünya müharibəsi ərəfəsində hasilatın ən yüksək həddə çatdığını xatırlatmışlar.
Hər iki məruzəçi müstəqillik əldə edildikdən sonra öz neftinin sahibi olmuş ölkəmizdə bu sahənin inkişafı ilə əlaqədar görülmüş tədbirlərdən, 1994-cü ildə bağlanmış “Əsrin müqaviləsi”ndə “Total” şirkətinin müqavilədə iştirakından söhbət açmış, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, 2005-ci ildə ümumi daxili məhsulun 26 faizdən çox artığını vurğulamışlar.
Məruzədə nəhəng Səngəçal terminalının tikintisindən, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ölkəmizin iqtisadi qüdrətinin yüksəlişində rolundan da bəhs edilmişdir. Bildirilmişdir ki, Azərbaycan nefti və qazının xarici bazarlara çıxarılmasının Avropanın tələbatının ödənilməsində böyük əhəmiyyəti olacaqdır.
Konfransda “Bakı nefti” sənədli filmi də nümayiş etdirilmiş, məruzəçilər ölkəmizin neft sənayesinin inkişafı ilə bağlı suallara cavab vermişlər.