İDMAN
Azərbaycan karateçisi Rafael Ağayev Olimpiya Oyunlarının finalına vəsiqə qazanıb
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan karateçisi Rəfael Ağayev Tokio Olimpiadasının finalına yüksəlib.
AZƏRTAC xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində yarışların yarımfinalında təmsilçimiz macarıstanlı Qabor Karoli Harspataki ilə qarşılaşıb. Rəqibini 7:0 hesabı ilə məğlub edən Rafael Ağayev Olimpiya çempionu adı uğrunda həlledici görüşdə iştirak hüququ qazanıb.
Karateçimiz mübarizə apardığı B qrupunda Almaniya təmsilçisi Noa Biçi 2:1, avstraliyalı Çuneari Yahironu 5:0, Qazaxıstan karateçisi Nurkanat Ajiqanovu 3:2 hesabı ilə məğlub etsə də, italiyalı Luici Busaya uduzub - 1:3. Qrup mərhələsində ikinci yeri tutan R.Ağayev yarımfinala vəsiqəni təmin edib.
Qeyd edək ki, R.Ağayev beşqat dünya, 11 qat Avropa çempionu olmaqla yanaşı, 2013-cü ildə IX Dünya Oyunlarında və Dünya Döyüş Növləri Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Karateçimiz “Bakı-2015” ilk Avropa Oyunlarında, eləcə də 2013-cü ildə İndoneziyada, 2017-ci ildə isə Azərbaycanda təşkil olunan İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahib olub. O, 2019-cu ildə Əməkdar idman ustası adına layiq görülüb.
Xatırladaq ki, karate yarışları ilk dəfə “Tokio-2020”də keçirilib. R.Ağayevin medal kolleksiyasında təkcə Olimpiya mükafatı yoxdur.