AZƏRBAYCAN KİTABLARI MOSKVADA BEYNƏLXALQ MÜSABİQƏNİN MÜKAFATLARINI ALMIŞDIR
Rusiya Federal Mətbuat və İnformasiya Agentliyinin və MDB İcraiyyə Komitəsinin təşkil etdikləri bu müsabiqədə Azərbaycanın dörd kitabı müxtəlif nominasiyalarda mükafatlara layiq görülmüşdür.
Rusiyanın “Molodaya qvardiya” nəşriyyatının “Görkəmli adamların həyatı” seriyasından bu yaxınlarda yeni variantda nəşr etdiyi “Heydər Əliyev” kitabı “Birlik” nominasiyasında ikinci dərəcəli diplom almışdır. “Molodaya qvardiya” nəşriyyatı, habelə Azərbaycanın “Nurlar” nəşriyyatı bu kitabın ingilis dilində nəşrinə görə diploma layiq görülmüşdür. “Birlik” fəxri diplomu Dövri mətbuat, kitab nəşri və kitab yayımı sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şura tərəfindən təsis olunmuşdur.
Tanınmış Azərbaycan yazıçısı Çingiz Əlioğlunun “Aspoliqraf LTD” nəşriyyatı tərəfindən buraxılan “Atlantlar” kitabı “Maraqlı talelər” nominasiyasında birinci dərəcəli diplomla mükafatlandırılmışdır. Bu nominasiyaya MDB ölkələrinin həyatının müxtəlif sahələrinə həsr olunmuş nəşrlər, o cümlədən bədii əsərlər daxildir.
Azərbaycanın “Altun kitab” nəşriyyatının buraxdığı “Qabusnamə” kitabı “Uşaqlar üçün kitab” nominasiyasında birinci dərəcəli diplom almışdır.
Böyük müsiqiçi Mstislav Rostropoviçə və Qalina Vişnevskayaya həsr olunmuş “Zəfərin 50 ili” fotoalbomu “ART-kitab” nominasiyasında birinci dərəcəli diploma layiq görülmüşdür. Audio və video əlavələrlə buraxılan fotoalbom Azərbaycanın “Tutu” nəşriyyatında buraxılmışdır.
Xatırladaq ki, “Kitab sənəti” Beynəlxalq müsabiqəsinə 200-dən çox kitab təqdim olunmuşdu.