Azərbaycan Konqreslər Bürosu ilk dəfə Qazaxıstanın mötəbər turizm tədbirində
Bakı, 18 aprel, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan Azərbaycan Konqreslər Bürosu ilk dəfə Qazaxıstanın turizm tədbirinə qatılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Almatı şəhərində baş tutan “B2B Luxury & MICE Workshop” işgüzar görüşündə Büronu satış və marketinq üzrə menecer Ayan Zeynalova təmsil edib.
Tədbir zamanı Büronun nümayəndəsi Qazaxıstanın əsas səyahət şirkətlərinin təmsilçiləri ilə 20-yə yaxın işgüzar görüşlər keçirib.
B2B Səyahət Seminarı ənənəvi olaraq hər ilin aprel ayında Bakıda və Almatıda TMI (Tourism Marketing Intelligence) şirkəti tərəfindən təşkil olunan səyahət sənayesi tədbiridir.
B2B Səyahət Seminarı yerli səyahət sənayesinin üstünlük verdiyi beynəlxalq məhsullar və istiqamətlərə uyğun xüsusi hazırlanmış “Görüş və Tanış Ol” prosesi əsasında əvvəlcədən təyin olunmuş işgüzar görüşlər təklif edir. Tədbirin beynəlxalq iştirakçıları arasında müxtəlif regionlardan olan lüks oteller, milli və regional turizm forumları, məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər (DMC) və eləcə də “Fashion & Shopping” şirkətləri var.
Qeyd edək ki, builki “B2B Luxury & MICE Workshop” işgüzar görüşü Bakıda aprelin 14-də “Fairmont Baku” mehmanxanasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilib.