Azərbaycan Konqreslər Bürosu M&I Forumunda iştirak edib
Bakı, 7 iyul, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu (AKB) növbəti M&I Forumunda (Görüş və Təşviqat Forumu) iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Şotlandiyanın Edinburq şəhərində açılan M&I Avropa Yay Forumu beş gün davam edib və Avropanın bütün ölkələrindən 350-dən çox alıcını bir araya gətirib.
Turizm bazarının ən nüfuzlu və aparıcı üzvlərini bir araya gətirən bu forumda Fransa, İtaliya, İsveç və bir çox ölkələr Azərbaycanla əməkdaşlığa maraq göstəriblər.
Tədbirdə AKB-nin satış və marketinq üzrə menecer Anar Narimanov və "JW Marriott Absheron Baku" mehmanxanasının nümayəndəsi təmsil edib. Forum çərçivəsində AKB peşəkar alıcılarla 50-dən çox görüş keçirmək imkanını qazanıb.
Azərbaycanla əməkdaşlıqda və ölkənin biznes turizminin potensialını yaxından öyrənməkdə istəkli olan tədbir iştirakçıları tezliklə ölkəmizə səfər etmək istəklərini dilə gətiriblər.
M&I Forumları Görüşlər Sənayesi bazarı iştirakçılarına ixtisaslı alıcılar ilə əlaqə yaratmağa və təkbətək görüş və iclasların keçirilməsinə imkan verir. Forum çərçivəsində xüsusi seminar və qruplar fəaliyyət göstərir ki, bu da iştirakçılar arasında səmərəli və möhkəm əlaqələrin qurulmasına yardımçı olur.