MƏDƏNİYYƏT
Azərbaycan Konqreslər Bürosu növbəti təlimində Qazaxıstan və Yaxın Şərq bazarını araşdırır
Bakı, 11 iyul, AZƏRTAC
Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Azərbaycanın turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən mühüm platforma olan Azərbaycan Konqreslər Bürosu daha bir uğurlu təlim həyata keçirib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2015-ci il Təlimlər Planına əsasən büronun üzvlüyündə olan mehmanxana, turizm agentlikləri və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər üçün nəzərdə tutulan növbəti təlim baş tutub.
Qurum növbəti təlimini Qazaxıstan və Yaxın Şərq turizm bazarının öyrənilməsinə həsr edib.
Büronun satış və marketinq üzrə menecerləri Ayan Zeynalova və Anar Nərimanov tərəfindən aparılan təlim ölkəmizin turizm bazarında çalışan 50-ə yaxın mütəxəssisi bir araya gətirib.
Təlim zamanı iştirakçılar Qazaxıstanın və eləcə də Yaxın Şərq ölkələrinin səyahət bazarının əsas göstəriciləri və zəmini barədə məlumatlandırılıblar. Həmçinin iştirakçılara Qazaxıstan və Yaxın Şərq ölkələrinin Görüşlər Sənayesi bazarına daxil olma və bazarda özünü təşviq etmə yolları haqqında da məlumat verilib.
Qazaxıstan və Yaxın Şərq ölkələri Azərbaycan üçün vacib və maraqlı ölkələrdir. Həmçinin bu ölkələrdən olan iş adamları və eləcə də adi turistlər Odlar Yurduna böyük maraq göstərir və ölkəmizin istər turizm, istərsə də digər sahələrində əməkdaşlıq fürsətlərini yüksək dəyərləndirirlər.
Bu baxımdan büronun təlimi iştirakçılara olduqca zəngin məlumatlar təqdim edib ki, bu da onlar tərəfindən böyük maraqla qarşılanıb.