Azərbaycan Konqreslər Bürosu təlimlərini davam etdirir
Bakı, 9 aprel, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu (AKB) cari il üçün nəzərdə tutulan növbəti təlimini həyata keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, AKB cari il təlimlər planına əsasən büronun üzvlüyündə olan məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər (DMC) üçün nəzərdə tutulan təlimini təşkil edib.
Xarici ekspertlər Ivo Franşitz və Henrik van Arnoldun iştirakı ilə təşkil olunan "DMC-lərin Peşəkarlığı" təlimi 30-dan çox mütəxəssisi bir araya gətirib. Təlim zamanı bu sahə üzrə beynəlxalq təcrübə nəzərdən keçirilib, eləcə də praktik çalışmalara yer verilib.
Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəni beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etmək daxildir. Bu məqsədlə, büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır və bütün maraqlı Görüşlər Sənayesi iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda iştirak edir.