MƏDƏNİYYƏT
Azərbaycan Konqreslər Bürosu yeni Görüşlər Sənayesi videosunu təqdim edir
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycanda turizm sahəsinin davamlı inkişafı və işgüzar turizmin təkmilləşdirilməsi istiqamətində çalışan Azərbaycan Konqreslər Bürosu Görüşlər Sənayesi üzrə yeni videonu təqdim edib.
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən büro videonu "Cinex Azerbaijan Film&Digital production" şirkəti ilə birgə hazırlayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, videoda Bakı və Qəbələdə yerləşən görüş məkanları, aparıcı mehmanxanaların həm iş adamları, həm də adi qonaqlar üçün yaratdığı gözəl şərait və imkanlar, həmçinin ölkəmizin füsunkar təbiəti təqdim olunur.
Büronun üzvü olan müasir və ən qabaqcıl otel brendləri, müasir memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi və eləcə də Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə UNESCO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmiş İçərişəhər kompleksi izləyicilərin nəzərinə çatdırılır.
Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Azərbaycanın turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən büro videonu ilk olaraq "IMEX 2015" beynəlxalq turizm sərgisində təqdim edib. Tədbir iştirakçıları videonu maraqla izləyib və heyranlıq ifadə ediblər.
Videoçarxı aşağıdakı keçiddən izləmək olar: www.azcb.com/media/meeting-destination-azerbaijan