MƏDƏNİYYƏT
Azərbaycan Konqreslər Bürosunun üzvlərinin siyahısı genişlənir
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycanda turizm sahəsinin davamlı inkişafı və işgüzar turizmin təkmilləşdirməsi istiqamətində çalışan Azərbaycan Konqreslər Bürosu (AKB) daha bir şirkəti öz sıralarına qəbul edib.
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən AKB-nin yeni yardımçı üzvü (Affiliate Member) Konsis Sinxron Tərcümə və Tədbir Təşkilatı şirkətidir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Büro və Konsis arasında əldə olunan razılaşmadan məmnunluq ifadə edən Konsis şirkətinin direktoru Gülzar Ələkbərova bu əməkdaşlığın hər iki tərəf üçün böyük perspektivlər açacağına inamını ifadə edib.
Konsis Sinxron Tərcümə və Tədbir Təşkilatı şirkəti 2006-ci ildə Bakıda yaradılıb. Şirkət öz fəaliyyətinə tərcümə mərkəzi olaraq başlayıb. Konsis dövlət və özəl sektorda olan təşkilatlarla tərcümə sahəsində geniş iş təcrübəsinə malikdir.
Şirkət ölkəmizdə baş tutan çoxsaylı tədbirlərdə professional xidmətlərini təklif edib. 2009-cu ildən isə Konsis tədbir təşkilatçılığı və texniki dəstək xidmətləri də göstərməyə başlayıb.