Azərbaycan “Lapis Lazuli” marşrutu üzrə əməkdaşlıq imkanlarını müzakirə edib – YENİLƏNİB
Bakı, 4 oktyabr, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Lapis Lazuli” marşrutunun canlandırılması ilə bağlı məsələlərin müzakirəsi məqsədilə İstanbulda keçirilən tədbirdə iştirak edib.
AZƏRTAC nazirliyə istinadən xəbər verir ki, tədbirdə marşrutun səmərəli fəaliyyəti üçün üzv dövlətlərdə infrastrukturun inkişafı ilə bağlı müvafiq işlərin görülməsi, ölkələr arasında məlumat mübadiləsinin aparılması, məşvərət qrupunun yaradılması və Fəaliyyət Planının hazırlanması müzakirə olunub.
Rəşad Nəbiyev Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində beynəlxalq və regional əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. Son 20 ildə ölkəmiz tərəfindən bu istiqamətdə həyata keçirilmiş mühüm tədbirlər barədə məlumat verib.
15:35
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Türkiyəyə səfəri çərçivəsində Əfqanıstanın nəqliyyat və mülki aviasiya naziri Həmidullah Axundzadə ilə görüşüb.
AZƏRTAC nazirliyə istinadən xəbər verir ki, görüşdə nəqliyyat sahəsində ikitərəfli və “Lapis Lazuli” marşrutu üzrə çoxtərəfli əməkdaşlıq imkanları müzakirə edilib.
Bu marşrut vasitəsilə Əfqanıstandan avtomobil daşımalarının həyata keçirilməsinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.