Azərbaycan mətbuatının 150 illiyi – milli düşüncə tarixinin şərəfli zirvəsi RƏY
Bakı, 22 iyul, AZƏRTAC
Milli mətbuatımızın 150 illiyi, sadəcə, bir yubiley deyil. Bu, həmçinin xalqımızın maariflənməsi, ictimai fikrin formalaşması və milli kimliyin qorunmasında medianın oynadığı mühüm rolun göstəricidir. Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə başlayan bu yol zamanla təkcə informasiya vasitəsi deyil, həm də ictimai şüurun güclü ifadə vasitəsinə çevrildi. Azərbaycan mətbuatı 150 il ərzində müstəqillik uğrunda mübarizənin, milli dəyərlərin təbliğinin və demokratik dəyərlərin təşəkkülünün aparıcı sütunlarından biri oldu və hələ də bu rolunu qətiyyətlə qoruyub saxlayır. Bu gün üçün vacib olan 150 illik tarixlə qürur duymaq və gələcək qarşısında məsuliyyət daşımaqdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev söyləyib.
Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu söz və mətbuat azadlığı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir: “Ümummilli Lider Heydər Əliyev hələ sovet dövründə belə milli mətbuata xüsusi diqqət ayırır, söz və fikir azadlığının zəruriliyini vurğulayırdı. Onun 1998-ci ildə senzuranın ləğvinə dair imzaladığı Fərman təkcə Azərbaycan jurnalistikasında yox, ümumiyyətlə, regionda söz azadlığı baxımından dönüş nöqtəsi oldu. Prezident İlham Əliyev isə bu siyasəti yeni müasir çağırışlar kontekstində ardıcıl şəkildə davam etdirir. Medianın peşəkarlaşması, informasiya təhlükəsizliyinin təmin olunması, dövlət-media münasibətlərində açıq dialoq və medianın rəqəmsal transformasiyası dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu ardıcıl yanaşma Azərbaycanın informasiya suverenliyini qorumaq və qlobal media sistemində layiqli yerini tutmaq üçün əsasdır”.
A.Mirzəyev qeyd edib ki, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışı və forumun məhz azad edilmiş ərazilərdə keçirilməsi Azərbaycanın informasiya suverenliyinə və qlobal media sistemində fəal mövqe tutmaq niyyətinə strateji yanaşmanın bariz göstəricisidir. Prezident İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər, eyni zamanda, Azərbaycanın həm regional sabitliyə, həm də informasiya suverenliyinə verdiyi strateji önəmi ortaya qoymaqla, milli medianın qarşısında yeni qlobal vəzifələr müəyyənləşdirdi.
“Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər bir neçə istiqamətdə mühüm mesajlar verdi. Əvvəla, bu çıxış postmünaqişə dövründə Azərbaycanın sülhə, sabitliyə və regional əməkdaşlığa verdiyi önəmi beynəlxalq auditoriyaya çatdırdı. İkincisi, informasiya müharibələrinin artdığı bir dövrdə Azərbaycanın informasiya suverenliyini qorumağa qətiyyətli olduğunu nümayiş etdirdi. Üçüncüsü, dünya mediası sahəsində süni intellekt, rəqəmsal təhlükəsizlik və dezinformasiyaya qarşı mübarizə kimi çağırışlara cavab verəcək güclü və çevik siyasətə ehtiyac olduğunu vurğuladı. Bu çıxış, eyni zamanda, Azərbaycan jurnalistikasına bir çağırış idi - qlobal informasiya axınında daha aktiv, dəqiq və strateji rol almaq zərurətini göstərdi.
Şuşa Qlobal Media Forumu Azərbaycan jurnalistikasının artıq yalnız informasiya istehsalçısı deyil, həm də informasiya siyasətində iştirakçısı olan bir aktora çevrildiyini təsdiqlədi. Forumun azad edilmiş ərazilərimizdə keçirilməsi həm rəmzi, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyırdı. Bu, Azərbaycanın tarixə hörmətlə yanaşaraq gələcəyə inamla baxdığını göstərdi. Forum vasitəsilə ölkəmiz qlobal media platformalarında söz sahibinə çevrildiyini, informasiya təhlükəsizliyi və media dayanıqlılığı kimi mövzularda mövqeyini ortaya qoyduğunu sübut etdi. Beynəlxalq jurnalistlərin regionda reallıqları yerində görməsi və obyektiv məlumat paylaşması isə Azərbaycan mediasının nüfuzuna ciddi töhfə verdi”, - deyə o diqqətə çatdırıb.
Jurnalist, həmçinin Azərbaycan jurnalistikasının bu gün bir neçə paralel çağırışla üz-üzə olduğunu bildirib: “Sosial medianın təsiri ilə dezinformasiyanın sürətlə yayıldığı dövrdə peşəkar media resursları cəmiyyət üçün etibarlı informasiya mənbəyi kimi daha da güclənməlidir. Digər mühüm çağırış texnoloji transformasiya ilə bağlıdır – rəqəmsal medianın inkişafı, süni intellektin tətbiqi və yeni formatlar jurnalistikanın struktur və funksiyalarını dəyişdirir. Eyni zamanda, bu dövr peşəkar kadrların hazırlanması baxımından da sistemli və uzunmüddətli yanaşma tələb edir. Bundan başqa, medianın peşəkarlığının artırılması üçün təlim və tədris sistemləri beynəlxalq standartlara uyğun yenilənməli, fakt yoxlama mərkəzləri və redaksiya məsuliyyəti gücləndirilməlidir. İnformasiya təhlükəsizliyi sahəsində isə dövlət və media arasında strateji əməkdaşlıq modeli formalaşdırılmalı, süni intellektlə yayılan saxta informasiyalara qarşı müdafiə alqoritmləri qurulmalıdır. Bu istiqamətlər yalnız medianın deyil, bütövlükdə cəmiyyətin informasiya mühitində möhkəmlənməsinə xidmət edəcək”.