SİYASƏT
AZƏRBAYCAN MOK-UN PREZİDENTİ İLHAM ƏLİYEV MOSKVANIN MERİ YURİ LUJKOVLA GÖRÜŞMÜŞDÜR
Martın 22-də Moskvanın meri Yuri Lujkov onun dəvəti ilə MDB ölkələrinin və Baltikyanı ölkələrin Milli Olimpiya Komitələri rəhbərlərinin müşavirəsində iştirak etmək üçün Rusiya paytaxtında dörd günlük işgüzar səfərdə olan ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevi qəbul etmişdir.
Görüşdə bu ilin yayında Moskvada Yeniyetmələrin beynəlxalq idman oyunlarının keçirilməsinə hazırlıqla bağlı məsələlər müzakirə olunmuşdur. Moskvanın meri dəvətini qəbul edərək şəxsən müşavirədə iştirak etmək üçün gəlmiş İlham Əliyevə təşəkkürünü bildirmişdir. Y.Lujkov oyunlara hazırlıqla bağlı görülən işlər, yarışlar zamanı nəzərdə tutulmuş mədəni tədbirlər barədə məlumat vermişdir. İlham Əliyev isə bildirmişdir ki, Azərbaycan Moskvada belə idman tədbirlərinin keçirilməsinə böyük əhəmiyyət verir. O, bunu da əlavə etmişdir ki, Azərbaycan idmançıları 1998-ci ildə Rusiya paytaxtında Yeniyetmələrin ümumdünya idman oyunlarında iştirak etmişlər. İlham Əliyev demişdir ki, idmançılarımız qarşıdakı oyunlara indidən hazırlaşırlar və o ümidvardır ki, onlar Azərbaycanın idman şərəfini layiqincə qoruyacaqlar.
Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev daha sonra Moskva merinin MOK rəhbərləri ilə görüşündə iştirak etmişdir. Görüşdə Rusiya paytaxtında Yeniyetmələrin beynəlxalq idman oyunlarının keçirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunmuşdur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva