Azərbaycan müdafiə nazirinin müavini Moskva konfransında iştirak edir
Moskva, 27 aprel, AZƏRTAC
Cəbhədə təxribatı kimin törətdiyi hər kəsə məlumdur. Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını almaq və düşmənə layiqli cavab vermək üçün bütün lazımı tədbirləri görür.
Bu sözləri Rusiya paytaxtında keçirilən V Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edən Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev jurnalistlərə açıqlamasında deyib.
Konfransda Azərbaycanın iştirakının önəmindən danışan K.Vəliyev müzakirə olunan mövzunun aktuallığını diqqətə çatdıraraq deyib: "Beynəlxalq terrorçuluqla mübarizə bu gün dünya üçün çox vacibdir. Terror təhlükəsi bizim regionda da mövcuddur. Qonşumuzdan olan təhdidi buna misal göstərmək olar. Biz real terror təhlükəsi ilə üz-üzəyik, müharibə vəziyyətdəyik. Qələbə bizimlədir”.
Rusiya paytaxtında keçirilən V Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı bu ölkənin Müdafiə Nazirliyi tərəfindən 2012-ci ildən başlayaraq hər il təşkil olunur. Bu dəfəki forumun əsas mövzusu terrorizmlə mübarizədir. Bundan əlavə, Avropa, Asiya-Sakit okean, Yaxın Şərq regionlarında təhlükəsizlik, hərbi əməkdaşlıq və digər məsələlər müzakirə olunur.
Konfransda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və başqaları çıxış edərək, dünyada yaranmış mürəkkəb vəziyyətdə terrorizmlə mübarizənin vacibliyini vurğulayıblar.
RF müdafiə naziri Sergey Şoyqu ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) hərbi-siyasi təşkilata çevrilməsində deyil, hərbi tərkibinin artırılmasında maraqlı olduğunu bildirib. ŞƏT yanında milli hərbi müşavirlər təsisatı yaratmağı təklif edən nazir, bu təşəbbüsün təşkilatın təsir dairəsində olan regionda müasir təhdidlər və çağırışlarla mübarizəyə kömək edəcəyini vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva