AZƏRBAYCAN MUSİQİÇİLƏRİNİN NORVEÇ FESTİVALINDA UĞURLU ÇIXIŞI
Xəbər verdiyimiz kimi, avqustun 25-dən 31-dək Norveçin Stavanger şəhərində “Statoyl” neft şirkətinin təşkil etdiyi 15-ci “Offşşor Şimal neft-qaz” beynəlxalq sərgi-konfransı keçirilmişdir.
Konfransda Azərbaycanı yanacaq və energetika naziri Məcid Kərimovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edirdi.
Sərgi-konfrans çərçivəsində musiqi festivalının keçirilməsi də planlaşdırılmışdı. Avqustun 27-dən 31-dək davam edən festivala 42 ölkənin nümayəndələri dəvət olunmuşdu.
Uzaq Skandinaviyada respublikamızı xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Ramiz Quliyev, gənc tarzən, Prezident təqaüdçüsü Əyyub Quliyev və pianoçu Zülfiyyə Sadıqova təmsil etmişlər.
Norveç Kralı V Haraldın iştirakı ilə keçən konfransın açılış mərasimində çıxış edən Azərbaycan musiqiçilərinin ustalığı böyük rəğbətlə qarşılanmış, musiqiçilərimizə ayrılan proqram vaxtı dinləyicilərin təkidi ilə bir az da artırılmışdır. Açılış mərasiminə toplaşanlar dahi Üzeyir Hacıbəyovun “Koroğlu” operasının uvertürasını, Fikrət Əmirovun, Tofiq Quliyevin, Həsən Rzayevin əsərlərini və muğamlarımızı böyük maraqla qarşılamışlar. Hətta konsertin sonunda çıxış edəcək tanınmış Norveç qadın müğənnisi Azərbaycan musiqiçilərinin bu uğurundan sonra dinləyicilərdə böyük təəssürat yarada biləcəyinə inanmadığını vurğulamışdır. “Statoyl”un prezidenti isə parlaq çıxışlarına görə respublikamızın sənət ustalarına təşəkkürünü bildirmişdir.
Ramiz və Əyyub Quliyevlər festival çərçivəsində beş solo konserti də vermişlər. Solo konsertlər festival iştirakçılarını daha da heyrətləndirmişdir. Belə ki, həmin konsertlərdə dinləyicilərə 15 ölkənin - Azərbaycan, Avstriya, Almaniya, Rusiya, Fransa, Norveç, Yunanıstan, Çexiya, Macarıstan, Rumıniya və s. - bəstəkarlarının əsərləri təqdim olunmuşdur.