“AZƏRBAYCAN NEFT TƏSƏRRÜFATI” JURNALININ SENTYABR NÖMRƏSİ “EKOLOGİYA İLİ”NƏ HƏSR OLUNACAQDIR
Bakı, 13 iyul (AZƏRTAC). Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan edilməsi ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinin daim dövlətin diqqət mərkəzində olduğunu bir daha nümayiş etdirmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) mədən ərazilərində ekoloji durumun yaxşılaşdırılması istiqamətində beynəlxalq standartlara və qüvvədə olan normativlərə cavab verən xüsusi layihələr, kompleks tədbirlər həyata keçirir. Şirkətin bu sahədə qazandığı nailiyyətlər haqqında geniş ictimaiyyətə ətraflı məlumat verilir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu baxımdan ekologiya ilində qurumun həyata keçirdiyi layihələrin “Azərbaycan Neft Təsərrüfatı” jurnalının sentyabr nömrəsində daha geniş əks etdirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə jurnalın baş redaktoru akademik İbrahim Quliyev ilə ARDNŞ-in Ekologiya İdarəsinin rəhbərliyi arasında jurnalın xüsusi buraxılışının bütövlükdə ekoloji problemlərə həsr olunması haqqında razılıq əldə edilmişdir. Xüsusi buraxılış materiallarının toplanması və ilkin ekspertizadan keçirilməsi Ekologiya İdarəsinin elm və texnika şöbəsinə tapşırılmışdır. Bu məqsədlə, ARDNŞ-in, AMEA-nın, Ekologiya İdarəsinin və digər təşkilatların ekologiya sahəsində əldə etdiyi nailiyyətlər, elmi araşdırmalar, həyata keçirilmış işlər, irəli sürülmüş təkliflər, ekologiya sahəsindəki strategiya və planlaşdırılmış ekoloji layihələr haqqında məqalələr toplanmış, ilkin ekspertizadan keçirilmişdir.