İQTİSADİYYAT
AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ BAEA BAŞ KONFRANSININ VYANADA KEÇİRİLƏN 46-CI SESSİYASINDA İŞTİRAK EDİR
Sentyabrın 16-da Azərbaycanın 2001-ci ildən üzvü olduğu Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş Konfransının 46-cı sessiyası Vyanada öz işinə başlamışdır. Sessiyada Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə baş nazirin müavini, BAEA ilə Azərbaycan Respublikası arasındakı əməkdaşlıq üzrə Dövlət Komissiyasının sədri Yaqub Eyyubov başçılıq edir.
Ölkəmizin Vyanadakı səfirliyindən bildirmişlər ki, sessiyanın işində dünyanın 120-dən çox dövlətindən yüksək vəzifəli nümayəndələr iştirak edir. Sessiyanın açılış mərasimində ABŞ-ın energetika naziri Spenser Abraham, Rusiyanın atom enerjisi naziri Aleksandr Rumyantsev, Çinin, Yaponiyanın, İranın və digər ölkələrin, habelə Avropa İttifaqının nümayəndələri çıxış etmişlər.
Tədbirdə Azərbaycan adından Y.Eyyubov nitq söyləmişdir. Baş nazirin müavini Azərbaycan Respublikasının BAEA ilə əməkdaşlığının əsas istiqamətlərindən ətraflı bəhs etmiş və bu əməkdaşlığın daha da genişləndirilməsinə dair dəyərli təkliflər vermişdir.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal edilməsi faktına toxunan Y.Eyyubov bu bölgədə radioaktiv maddələrin qeyri-qanuni dövriyyəsi məsələlərinə sessiya iştirakçılarının diqqətini cəlb etmiş və beynəlxalq terrorizmin, o cümlədən nüvə terrorizminin Cənubi Qafqaz bölgəsi və beynəlxalq ictimaiyyət üçün böyük təhlükə törətdiyini nəzərə çarpdırmışdır.
Y.Eyyubov BAEA-nın Baş direktoru Məhəmməd Əl-Baradey ilə görüşmüşdür. Görüşdə Azərbaycanın bu təşkilatla mövcud əlaqələri barədə fikir mübadiləsi aparılmış və bu əməkdaşlığın genişləndirilməsinə dair təkliflər M. Əl-Baradeyə çatdırılmışdır. Görüşün sonunda Azərbaycan Respublikası ilə BAEA arasında texniki əməkdaşlığa dair Saziş imzalanmışdır.
Sessiya öz işini davam etdirir.