Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit üzrə 3-cü Assambleyasında iştirak edib
Bakı, 8 dekabr, AZƏRTAC
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Keniyanın Nayrobi şəhərində keçirilmiş BMT-nin Ətraf Mühit üzrə 3-cü Assambleyasında iştirak edib.
Azərbaycanın Efiopiyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata əsasən, Assambleyada çıxış edən nazir müavini tədbir iştirakçılarına son illər ərzində Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində əldə etdiyi uğurlardan bəhs edərək, ölkəmizdə bu istiqamətdə həyata keçirilən fəaliyyət, o cümlədən su ehtiyatlarının və təhlükəli tullantıların səmərəli idarə olunması, meşəsalma tədbirləri, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, milli monitorinq və hidrometeorologiya sisteminin modernləşdirilməsi barədə geniş auditoriyaya məlumat verib. Nazir müavini Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini və bunun nəticəsində həm Cənubi Qafqaz regionunda, həm də ölkəmizin işğal olunmuş ərazilərində ekoloji vəziyyətin təhlükə altında olduğunu, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulmuş hədəflərə çatmaq üçün davamlı inkişaf gündəliyində duran məsələlərin həllində əngəllər yaratdığını görüş iştirakçılarının diqqətinə çatdırıb.
Assambleya çərçivəsində F.Əliyev BMT-nin Ətraf Mühit Assambleyasının yeni seçilmiş sədri, Estoniya Respublikasının ətraf mühit naziri Siim Kiisler ilə görüşərək ona səmimi təbriklərini çatdırıb və bu məsuliyyətli vəzifədə uğurlar arzulayıb. Daha sonra gündəlikdə duran cari ekoloji məsələlərə dair fikir mübadiləsi aparılıb, Azərbaycanla Estoniya arasında ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi və bu sahədə hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi qeyd olunub.
Nazir müavini Litva Respublikasının ətraf mühit naziri Kestutis Navickas ilə görüşü zamanı ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.
Assambleya çərçivəsində BMT-nin Ətraf Mühit üzrə Proqramının icraçı direktoru Erik Solheym ilə keçirilən görüşdə F. Əliyev belə mötəbər tədbirin təşkilinə, habelə hazırlıq mərhələsində konstruktiv dialoq və səmərəli əməkdaşlığa görə minnətdarlıq bildirilib və tərəflər arasında səfərlər mübadiləsinin vacibliyi qeyd olunub.