Azərbaycan nümayəndə heyəti CİTES Komitəsinin iclasında iştirak edir
Bakı, 20 iyul (AZƏRTAC). Cenevrədə nəsli və kökü kəsilməkdə olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya (CİTES) çərçivəsində yaradılmış Heyvanlar üzrə Komitənin iclası işə başlamışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dünyanın hər yerindən ekspertlərin və alimlərin iştirak etdikləri iclasda Azərbaycanı nazir müavini Rauf Hacıyev və Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov təmsil edirlər.
Xatırladaq ki, CİTES təkcə Konvensiya deyildir, həm də vəhşi heyvanlar və yabanı bitkilərlə beynəlxalq ticarətin sayəsində onların nəslinin və kökünün kəsilməsinin qarşısını alan qurumdur. Konvensiya 1975-ci ildə Vaşinqtonda qəbul edilmişdir. Vəhşi heyvan və yabanı bitki növləri CİTES-in siyahısına düşən kimi onlarla beynəlxalq ticarət nəzarət altına alınır. Nəzarətin səviyyəsi onların statusundan asılı olaraq dəyişir, nəzarətli ticarətdən tutmuş nəsli və kökü kəsilməkdə olan nadir bitki, heyvan və balıq növlərinin ticarətinin tam qadağan olunmasınadək müxtəlif tədbirləri əhatə edir.
Komitənin iclasında iştirak etmək üçün 200-dək nümayəndə, o cümlədən Konvensiya dövlətlərinin ekspertləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri Cenevrəyə gəlmişlər.
Görüşün əsas mövzusu nəsli kəsilməkdə olan balıq növləri və dərisindən müxtəlif bahalı aksessuarlar hazırlanan sürünənlərdir. Komitə balıq növlərinin populyasiyalarının yoxa çıxmasının qarşısının alınmasında öz rolunu təhlil edəcəkdir. Məsələn, komitə üzvləri akula və nərəkimilərin ticarəti ilə bağlı vəziyyəti müzakirə edəcəklər.
Komitə bu yaxınlarda Çində keçirilmiş ilanlara dair seminarın nəticələrini müzakirə edəcəkdir. Seminarda ilanların çoxaldılması və onların dərisi ilə ticarətə nəzarətin gücləndirilməsi barədə tövsiyələr qəbul edilmişdir.