AZƏRBAYCAN NÜMAYƏNDƏSİ ERMƏNİSTAN NAZİRİNİN ÇIXIŞINA QƏTİ ETİRAZINI BİLDİRMİŞDİR
Ermənistanın xarici işlər naziri Vartan Oskanyan Cenevrədə BMT-nin İnsan Hüquqları Komissiyasının 58-ci sessiyasındakı çıxışında Dağlı Qarabağla bağlı Azərbaycana qarşı ərazi iddiasını bir daha təkrar etmişdir.
Azərbaycan nümayəndə heyətinin başçısı, respublikamızın Cenevrədəki müvəqqəti işlər vəkili Murad Nəcəfov bununla əlaqədar sessiyada iki dəfə çıxış edərək, Ermənistan nazirinin sözlərinə qəti etirazını bildirmişdir. O, nazirin çıxışını Ermənistanın Azərbaycana qarşı təcavüzkar planlarının daha bir sübutu kimi qiymətləndirərək bildirmişdir ki, ölkəmiz beynəlxalq hüquq normaları əsasında özünün ərazi bütövlüyünü bərpa edəcəkdir. Ermənistanın təcavüzkar mövqeyinə baxmayaraq, Azərbaycan yenə də münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Ermənistan başa düşməlidir ki, onun təhlükəsizliyinin yeganə təminatı regionun bütün dövlətləri ilə mehriban münasibətlər yaratmasındadır.
Fürsətdən istifadə edib, yenə “soyqırımı”ndan danışan Ermənistan nazirinin uydurmaları ilə əlaqədar Azərbaycan nümayəndəsi sessiya iştirakçılarının diqqətinə çatdırmışdır ki, “soyqırım” termini Ermənistanda artıq hüquqi anlayışdan kənara çıxmış və yalnız bu ölkəyə xas olan, bəzən isterika şəkli alan mücərrəd fenomenal təzahürə çevrilmişdir. Əslində isə, bundan yeganə məqsəd özlərinin cinayətlərini ört-basdır etməkdir. Lakin hətta ən incə təbliğat da X1X əsrin birinci yarısından başlayaraq, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə dair faktları saxtalaşdıra bilməz.
Azərbaycan nümayəndəsi erməni işğalçılarının Xocalıda dinc əhalini necə məhv etdiklərini konkret faktlarla açıqlayaraq demişdir ki, on il bundan əvvəl törədilmiş bu faciə miqyasına və xarakterinə görə BMT Baş Məclisinin 1948-ci il dekabrın 9-da təsdiqlədiyi Konvensiyada “soyqırım”a verilmiş tərifə tam uyğun gəlir.