Azərbaycan-Pakistan parlamentlərarası əlaqələrinə dair fikir mübadiləsi aparılıb
İslamabad, 13 may, AZƏRTAC
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bu ölkə Senatının sədri Mian Rza Rabbani ilə görüşüb.
Görüşdə Azərbaycan-Pakistan münasibətləri, xüsusilə parlamentlərarası əlaqələr haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Pakistanın ölkəmizə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
D.Şikarov deyib ki, Pakistan Senatının 2013-cü ildə Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul etməsi, bu il mayın 3-də Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi “parlament seçkiləri”ni tanımayan bəyanat verməsi Azərbaycanda yüksək qiymətləndirilir.
Diplomat ölkəmizdə aparılan yenidənqurma işləri, iqtisadi islahatlar, bu istiqamətdə əldə edilmiş uğurlar, birinci Avropa Oyunlarına hazırlıq işləri haqqında məlumat verib.
Söhbət zamanı Pakistan Prezidenti Məmnun Hüseynin bu ilin mart ayında Azərbaycana səfəri, keçirilən görüşlər, imzalanan sənədlər haqqında fikir mübadiləsi aparılıb, bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcəyi qeyd olunub.
Pakistan Senatının sədri xalqlarımız arasındakı münasibətlərin bütün istiqamətlərdə uğurla inkişafından məmnun olduğunu bildirib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Pakistanın Azərbaycanı tam dəstəklədiyini və ermənilərin işğal etdikləri torpaqlardan geri çəkilənə qədər bu siyasətin davam edəcəyini bildirib.
Pakistan Senatı və Azərbaycan Milli Məclisi arasında əməkdaşlıq haqqında danışan M.R.Rabbani Senatın nümayəndələrinin Azərbaycana, həmçinin Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyətinin Pakistana səfərləri haqqında danışıb.
D.Şikarov Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun adından M.R.Rabbanini ölkəmizə səfərə dəvət edib. Senatın sədri təklifi qəbul edib və azərbaycanlı həmkarını Pakistanda görməkdən məmnun olduğunu bildirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad