AZƏRBAYCAN-POLŞA MÜNASİBƏTLƏRİ YÜKSƏK SƏVİYYƏDƏDİR
Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən səfir, Prezident İlham Əliyevin bu ilin martında Polşaya rəsmi səfəri zamanı keçirdiyi görüşlərdə Azərbaycan-Polşa münasibətlərinin inkişaf perspektivlərinin müzakirə olunduğunu demişdir. Diplomat Prezident İlham Əliyevin Polşaya rəsmi səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası hökuməti və Polşa Respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş”in, “Gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş”in və “İqtisadi əməkdaşlıq haqqında saziş”in əlaqələrimizin inkişafına təkan verdiyini diqqətə çarpdırmışdır. Bundan əlavə, ölkələrimiz arasında müxtəlif səviyyələrdə həyata keçirilmiş səfərlər də əməkdaşlığımızın möhkəmlənməsinə şərait yaratmışdır.
K.Krayevski Azərbaycanla Polşa arasında ticarət dövriyyəsinin 50 milyon ABŞ dolları məbləğində olduğunu, lakin bunun hər iki ölkənin iqtisadi imkanlarını tam əks etdirmədiyini bildirmişdir. Polşa Azərbaycanla, əsasən, neft-qaz və tikinti sahəsində əməkdaşlığın dərinləşməsində maraqlıdır. Polşa, eyni zamanda, Xəzər neftinin Odessa-Brodı boru kəməri vasitəsilə Avropaya nəqlinə də xüsusi əhəmiyyət verir. Polşa hökuməti bunun reallaşması istiqamətində iş aparır.
Səfirin sözlərinə görə, Polşanın iqtisadiyyat naziri Pyotr Vojnyak iqtisadi əlaqələrin inkişafını müzakirə etmək üçün gələn ilin əvvəllərində Azərbaycana səfər edəcəkdir.
Polşanın Avropa İttifaqı və NATO-nun üzvü olduğunu diqqətə çatdıran səfir, Avratlantika strukturlarına inteqrasiya məsələsində ölkəsinin Azərbaycana yardım göstərməyə hazır olduğunu demişdir.
Ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan diplomat, bu ildən Varşava Universitetində Azərbaycan dilinin tədrisinə başlandığını söyləmişdir.