Azərbaycan Premyer Liqasında “Qarabağ” komandası “Səbail”ə qalib gəlib
Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 7-də futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində günün ikinci oyununda paytaxtın “Səbail” və çempionatın lideri Ağdamın “Qarabağ” komandası qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, “Azərsun Arena”da təşkil olunmuş oyun Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Baş hakim Ramil Diniyevin idarə etdiyi matçda yeganə qolu oyunun 31-ci dəqiqəsində penalti zərbəsindən Riçard Almeyda vurub.
Bu qələbədən sonra xallarının sayını 53-ə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. “Səbail” isə 18 xalla altıncı pillədədir.
Turun bu gün Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” - “Keşlə” oyununda isə heç-heçə qeydə alınıb - 1:1.
Tura aprelin 8-də “Zirə” - “Qəbələ” və “Neftçi” - “Sumqayıt” matçları ilə yekun vurulacaq.