AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ÇİNİN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Bakı, 2 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çjan Yannyanın etimadnaməsini qəbul etmişdir.
Diplomat Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Çjan Yannyan etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Prezident İlham Əliyev Azərbaycanla Çin arasında əlaqələrin uğurla inkişaf etdiyini, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. Çin Xalq Respublikasının böyük inkişaf yolu keçdiyini xatırladan dövlətimizin başçısı ötən il Pekin Olimpiadası zamanı bu inkişafın əyani şahidi olduğunu söylədi. Səfirə fəaliyyətində uğurlar arzulayan dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, onun ölkəmizdəki diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələr daha da genişlənəcəkdir.
Səfir Çin Xalq Respublikasının sədri Hu Szintaonın səmimi salamlarını dövlətimizin başçısına çatdırdı. O dedi ki, Çin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə Çinə dövlət səfərinin qarşılıqlı əlaqələri yeni inkişaf səviyyəsinə qaldırdığını bildirir. Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin daim inkişaf etdiyini və möhkəmləndiyini vurğulayan diplomat dövlətimizin başçısını əmin etdi ki, səfir kimi fəaliyyəti müddətində ikitərəfli əlaqələrin daha da genişlənməsinə səy göstərəcəkdir.
Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Hu Szintaonın salamlarına görə minnətdarlığını bildirdi, özünün də salamlarını ona çatdırmağı xahiş etdi.
######
