AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ESTONİYANIN BAŞ NAZİRİ ANDRUS ANSİPİ QƏBUL ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya Respublikasının Baş naziri Andrus Ansipi qəbul etmişdir.
Prezident İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edən Andrus Ansip ölkəmizə çoxdan səfər etmək arzusunda olduğunu və bu imkanın yaranmasından məmnunluğunu söylədi.
Prezident İlham Əliyev təbrikə görə təşəkkür etdi. Dövlətimizin başçısı Azərbaycanın bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, son seçkilərdə də xalqın ona etimad göstərməsinin gələcək uğurların əldə edilməsi üçün yaxşı əsas yaratdığını bildirdi.
Enerji sahəsində Azərbaycanın təşəbbüslərinin yeni formatda daha da genişləndiyini qeyd edən dövlətimizin başçısı bu sahədə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu dedi.
Estoniya hökumətinin başçısı dünyada iqtisadi böhranın müşahidə olunduğu bir vaxtda Azərbaycanda sürətli iqtisadi inkişafın getdiyini vurğuladı. O, ölkələrimiz arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu və bundan sonra da inkişafı üçün kifayət qədər potensialın mövcudluğunu bildirdi. Andrus Ansip ölkəsinin Azərbaycanla əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə etdi.
######
