Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib VİDEO

Bakı, 2 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib. Müsahibə avqustun 1-də “Euronews”da yayımlanıb. AZƏRTAC müsahibənin geniş variantını təqdim edir.

Müxbir: Cənab Prezident Əliyev, bizi burada qəbul etdiyinizə görə Sizə çox minnətdarıq. Bu bölgə Cənubi Qafqazın yeni tarixində bəzi ən zorakı epizodların cərəyan etdiyi səhnə olub. Bununla belə, 2020-ci ildəki sülh razılaşmasından sonra gərginlik hələ də tam aradan qalxmayıb. Daimi düşmənçiliyi Siz nə ilə əlaqələndirirsiniz?

Prezident İlham Əliyev: Demək çətindir. Düşünürdüm ki, İkinci Qarabağ müharibəsindən sonra vəziyyət fərqli olacaq. Biz sülh üçün hazır idik və əslində bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər. Anladıq ki, bir növ boşluqdur. Heç kəs nə etməyi bilmirdi. 2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq. Elan etdik ki, sülh sazişi imzalanmalıdır. Amma yenə boşluq yarandı. Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq. Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq. Deməzdim ki, hər şey çox rəvan gedir. Amma biz hələ də nikbinik, çünki hazırda biz hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox fəal danışıqlar aparırıq.

Müxbir: Elə mən də onu soruşmaq istəyirdim. Sözünüzü kəsdiyimə görə üzr istəyirəm. Siz bu yaxınlarda Brüsseldən qayıtmısınız. Sülh danışıqlarının növbəti raundu keçirildi. Bir çox insan tərəfindən bu danışıqlar Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhə aparan ümid kimi qarşılandı. Ən sonuncu raunddan sonra ümidli olmaq bizim tərəfdən düzgün olardımı?

Prezident İlham Əliyev: Bəli, ümidli olmaq yaxşıdır. Lakin deməliyəm ki, sülh danışıqları xarici işlər nazirləri tərəfindən aparılır. Brüsseldəki görüşlərimiz Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur. Əslində, həmin görüşlər bizə çox həssas məsələlərə toxunmaq imkanını verir.

Müxbir: Məsələn.

Prezident İlham Əliyev: Sərhədlərin gələcək parametrləri ilə bağlı məsələ, çünki Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmamışdır. Çünki Sovet İttifaqının süqutu ərəfəsində biz təcavüzlə üzləşdik. İndi sərhəd necə olacaq? Yerlərdə real vəziyyət necə olacaq? Kommunikasiyalarla bağlı vəziyyət necə olacaq? Çünki İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim eksklavımız olan Naxçıvana çıxışımız olsun. Lakin bu, hələ də baş vermir. Beləliklə, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Bizim görüş isə hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də ilin sonunadək sülh variantını tapa bilərik.

Müxbir: Danışıqlar haqqında sonra daha çox söhbət edəcəyik. Lakin mənim üçün soruşmaq maraqlıdır ki, vəziyyəti nizamlamağa cəhd edən çox beynəlxalq iştirakçı olub. Avropa İttifaqı danışıqlar masasına nəyi gətirir?

Prezident İlham Əliyev: Əslində, 1992-ci ildən etibarən - hələ işğal dövründə aparılan danışıqlar zamanı Avropa İttifaqı vasitəçilik prosesinin bir hissəsi olmayıb. İndi bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsüdür. O, bizi dəvət etdi və biz dəvəti qəbul etdik. Çünki Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də nəzərə alsaq ki, İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir. Beləliklə, müəyyən beynəlxalq qurum olmalı idi. Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Siyasi Birliyinin tədbiri çərçivəsində də görüşürük. Sonuncu dəfə görüş Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, durğunluq yaranarsa, yenidən bir növ fasiləyə keçərsə, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik.

Müxbir: Sizin fikrinizcə, Qərbin, yəni Avropa İttifaqının və həmçinin Birləşmiş Ştatların artan vasitəçiliyi bu regionda daha ənənəvi gücdə - Rusiyada qıcıq yarada bilərmi? Rusiyanın Ukrayna ilə məşğul olması faktı Azərbaycan ilə Ermənistanın ümumi razılığa gəlməsi üçün müəyyən imkan yaradırmı?

Prezident İlham Əliyev: Atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi nə Birləşmiş Ştatlar, nə də Avropa İttifaqı deyil, Rusiya olub. Ermənistanın baş naziri ilə ilk görüşlərim Rusiya tərəfindən bu ölkədə təşkil olunmuşdu. Rusiya-Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və biz gördük ki, Birləşmiş Ştatlar və Avropa daha fəal oldular. Əslində, prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Nəticəyə gəlmək vacibdir. Biz sülh sazişi ilə nəticələnəcək təşəbbüs irəli sürən hər hansı tərəfi dəstəkləyəcəyik. Yeri gəlmişkən, xarici işlər nazirləri arasında Vaşinqtonda danışıqlar aparılıb. Hazırda biz bu ayın sonunda danışıqların raundunu Rusiyada keçirmək barədə Rusiyadan dəvət aldıq və bununla razılaşdıq. Beləliklə, əgər hər hansı digər məkan olarsa, əlbəttə ki, biz razılaşacağıq, çünki bizim üçün razılığa gəlmək və nəticə əldə etmək vacibdir. Əlbəttə, müəyyən siyasi rəqabəti, bəzi iştirakçıların daha fəal olmaq cəhdlərini anlayırıq, lakin biz bunu yalnız alqışlaya bilərik. Əgər sağlam rəqabət olarsa, onun yalnız yaxşı nəticələri olacaq.

Müxbir: Rusiya ilə uzun tarixi və əhatəli münasibətlərinizin olduğunu anlayıram. Sizin fikrinizcə, Rusiyanın hazırda bölgədəki təsiri necədir?

Prezident İlham Əliyev: Bilirsiniz, region haqqında demək mənim üçün çətindir, çünki Cənubi Qafqaz bölgəsi üç ölkədən ibarətdir. Biz Rusiyanın Cənubi Qafqazdakı qonşularımızla qarşılıqlı əlaqələrini, sadəcə, müşahidə edə bilərik. Azərbaycana gəldikdə isə elə də ciddi dəyişiklik yoxdur, çünki bizim Rusiya ilə münasibətlərimiz artıq tarazlaşdırılıb. Onlar bir-birimizin milli maraqlarının və əlbəttə ki, ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanır. Rusiya Azərbaycanın qonşusu və tərəfdaşıdır. Bizim nəzərəçarpan ticari dövriyyəmiz, daşımalar infrastrukturuna aid bir çox layihələrimiz var. Bu, xüsusən də indiki dövrə aiddir. Layihələr enerjinin inkişafına aiddir. Əlbəttə ki, mədəniyyət sahəsi də çox vacibdir.

Müxbir: Hazırda Siz məhz enerji sektorunda Qərblə bir çox razılaşmalar əldə etmisiniz. Elədirmi?

Prezident İlham Əliyev: Bəli, Qərblə razılaşmalar var. Lakin bu, uzun müddət əvvəl əldə edilib, o vaxt biz Bakıdan İtaliyaya vahid boru kəməri sistemini qurmaq təşəbbüsünü irəli sürdük. O, mərhələli şəkildə icra olundu və onun yekun mərhələsi iki ildən çoxdur yekunlaşıb. Artıq iki ildən çoxdur ki, Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib. Əlbəttə, Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyət yeni ölçü yaradıb, çünki hazırda enerji sərvətlərimiz heç zaman olmadığı kimi zəruridir. Lakin istənilən addıma gəldikdə, biz onu bir çox il əvvəl imzalanmış müqavilələrimiz və planlarımız əsasında atırıq. Düzdür, hazırda Azərbaycandan əlavə qaz almaq üçün müraciət edən ölkələrin sayı daha çoxdur. Bunu etməyə hazırıq və artıq başlamışıq. Ötən il daha çox ölkə qazımızı almağa başladı. Bu, cari ildə də davam edəcək. Lakin yenə də Rusiya ilə münasibətlərimiz nöqteyi-nəzərindən, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra çox şey dəyişməyib.

Müxbir: Burada olan vəziyyət haqqında danışaq. Beynəlxalq Ədalət Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsi, ABŞ və Avropa İttifaqı hamısı Laçın dəhlizinin bağlı qaldığı təqdirdə, əhalinin potensial qaydada girova düşmək təhlükəsini qeyd edərək, həmin dəhlizdə hərəkət azadlığına dair zəmanətləri tələb ediblər. Hazırda Laçın dəhlizində baş verənlər haqqında nə deyə bilərsiniz?

Prezident İlham Əliyev: Laçın dəhlizi adlandırılan yol İkinci Qarabağ müharibəsinin bitməsindən sonra fəaliyyətini işğal vaxtında işləyən qaydada təxminən iki il davam etdirmişdir. Bir fərq var idi - o, rus sülhməramlılarının nəzarəti altında idi və bu, üçtərəfli Bəyanatın bir hissəsi idi. Yəni, fəaliyyətdə dayanma, bizim tərəfimizdən hər hansı müdaxilə yox idi. Bununla belə, orada vəziyyət dəyişməyə başladı. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin dəhlizə müəyyən dərəcədə nəzarət etmək səyləri ötən il noyabrın əvvəlində Qarabağda təbii sərvətlərin yenidən qeyri-qanuni istismarı ilə bağlı idi. Müharibədən sonra bu proses dayandırılmışdı, çünki qeyri-qanuni idi. Bu sərvət bizə məxsusdur. Bir neçə xarici şirkət qızıl və mis mədənlərimizi qeyri-qanuni olaraq istismar edirdilər. Biz işğal zamanı heç bir şey edə bilmirdik, lakin müharibə başa çatdıqdan sonra aydındır ki, bu fəaliyyət dayandırılmalı idi və dayandırıldı. Amma sonradan - noyabrda həmin proses yenidən başladı. Vətəndaş cəmiyyətinin nümayəndələri rus sülhməramlılarından xahiş etdilər ki, mədənlərdə nəyin baş verdiyini görmək üçün orada monitorinq keçirsinlər. Biz gördük ki, dəmir və qızıl filizi yük maşınlarında rus sülhməramlılarının müşayiəti ilə Qarabağdan Ermənistana daşınır. Həmin yerə getmək hüququmuz təmin edilmədi və beləcə vətəndaş cəmiyyətimizin nümayəndələri yola nəzarət etməyə başladılar. Amma yol yenə də bağlı deyildi, hərəkət azad idi.

Müxbir: Yəni, o, heç vaxt bağlanmamış, hərəkət heç zaman dayandırılmamışdır?

Prezident İlham Əliyev: Xeyr, xeyr!

Müxbir: Onda fikrinizcə, həmin təsisatlar xüsusən də Azərbaycandan niyə bunları soruşurlar? Onlar qeyd edirlər ki, Siz həmin sahənin ətraf hissəsinə cavabdehsiniz. Siz hərəkət etmək azadlığını təmin etməlisiniz. Sizcə, nəyə görə onlar Sizi hədəfləyirlər?

Prezident İlham Əliyev: Əslində, Beynəlxalq Ədalət Məhkəməsi bizə öz ismarışını ünvanladı ki, hər hansı hərəkətin pozulmaması üçün biz vətəndaş cəmiyyətinin fəalları ilə danışaq. Biz bunu etdik. Biz Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsini qurduqdan dərhal sonra, - bu, bizim legitim hüququmuzdur və heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir, - biz burada Şuşadakı nümayəndəm vasitəsilə QHT nümayəndələri ilə danışdıq ki, həmin aksiyanı dayandırsınlar. Onlar bunu etdilər və getdilər. Hazırda da hərəkət etmək azadlığı bloklanmayıb. Aprelin 23-dən - sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib. Amma iyunun 15-də Ermənistan növbəti hərbi təxribata əl atdı və bizim sərhədçilərimizdən birini yaraladı.

Araşdırma aparıldığı üçün yol müvəqqəti olaraq bağlansa da, sonra təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar, çünki...

Müxbir: Yük maşınları, sadəcə, sürücülər tərəfindən istifadə olunurdu...

Prezident İlham Əliyev: Bəli, lakin bu yük maşınlarının üzərində Qırmızı Xaçın emblemi var idi və sürücülərin uniformaları üzərində də emblemlər var idi. Beləliklə, yol yenidən bu şəkildə bağlanıldı və biz Qırmızı Xaç Komitəsindən buna son qoyulmasını və bizimlə daha konstruktiv işləməsini xahiş etdik. Çünki əfsuslar olsun ki, bu günə kimi onların Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir. Çünki bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Hətta Ermənistanın baş naziri dəfələrlə “Qarabağ Azərbaycandır” söyləyib. Bəs nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir? Bu, bizim legitim tələbimizdir.

Müxbir: Laçın dəhlizi, sərhəd-keçid məntəqəsi və bu, çox mühüm keçid yolu məsələsinin indi sülhə əngəl olan əsas maneələrdən biri olduğunu deyərdinizmi?

Prezident İlham Əliyev: Mən belə düşünmürəm. Çünki Laçın-Xankəndi yolundakı vəziyyət biz aprel ayının 23-də sərhəd-buraxılış məntəqəsi yaradanda dəyişdi. O vaxta kimi bizim sülh razılaşmasına gəlmək üçün iki il yarım vaxtımız var idi. Yeganə əngəl Ermənistanın rəsmi surətdə Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımaq istəməməsi idi. Bəli, onlar bunu bəyanatlarla, şifahi bəyanatlarla edirdilər. Bu da mövqeyin ifadə edilməsinin bir yolu idi, lakin onlar sənədə imza atmalı idilər. Odur ki, mən bu iki məsələnin bir-biri ilə bağlı olduğunu düşünmürəm. Çünki Ermənistanla aparılan sülh danışıqlarının uğurlu bir ssenari ilə yekunlaşacağına ümid edirəm və bunun yaxın aylarda baş verəcəyinə ümidvaram.

Müxbir: Düşünürəm ki, indi Sizə ünvanlayacağım suala artıq cavab vermisiniz. Amma mən istənilən halda Sizin burada olduğunuza və Sizə sual vermək üçün çoxlu imkanımın olmayacağına görə yenə bu sualı Sizə vermək istəyirəm. 2020-ci ildə hər iki tərəfdən təxminən 5 min insan tələfatı oldu. Mən burada idim, mən Dağlıq Qarabağa gəlmişdim və həlak olmuş bir çox erməni əsgərlərinin anaları ilə görüşdüm. Həmçinin Azərbaycanda işləyən həmkarlarım sayəsində digər tərəfin, Sizin tərəfin ağrısı və acısının da şahidi oldum. Lakin mən müharibəyə və oğlunun ölümünə görə siyasətçiləri günahlandırdığını deyən bir ana ilə danışdığımı xatırlayıram. O, siyasətçilərin müharibə tələsinə düşmədən məsələləri diplomatik yolla həll etməli olduqlarını deyirdi. Siz missiyanızın nədən ibarət olduğunu deyərdiniz? Missiyanız müharibədə qalib gəlmək, yoxsa dayanıqlı sülhə nail olmaqdır?

Prezident İlham Əliyev: Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı. Biz bir çox amillərə - siyasi amillərə, işğal edilmiş ərazilərdə hərbçilərimiz üçün bir neçə müdafiə səddinin keçilməsini çətinləşdirən uzunmüddətli infrastruktur layihələrinin olmasına baxmayaraq, müharibədə qalib gəldik. Bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi. Yəqin ki, Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər. Sizin gəldiyiniz, sonradan “Zəfər yolu” adlandırdığım bu yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yoldur. Onlar bu qayalı dağlara dırmaşırdılar. Beləliklə, bu amillərə, böyük erməni diasporuna malik bir çox ölkələrin güclü siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz Ermənistanın torpağında savaşmadıq, öz torpağımızda vuruşduq və biz Zəfər çaldıq. Beləliklə, bu, bir nömrəli missiya idi və o, artıq tamamlandı. İndi isə biz sülh haqqında danışırıq.

Otuzillik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir. Şuşada qeyri-qanuni məskunlaşmalar olduğu üçün şəhər tamamilə dağıdılmamışdır. Onlar Orta Şərqdən olan erməniləri burada məskunlaşdırmaq istəyirdilər və burada bir neçə min erməni yaşayırdı. Məhz buna görə heç də bütün şəhərlər dağıdılmamışdır. Lakin Füzuli tamamilə yerlə-yeksan edilmişdir, Ağdamda da vəziyyət eynidir. Demək olar ki, bir milyon azərbaycanlı evindən məhrum olmuşdur. Bütün bu acılara baxmayaraq, biz qisas almadıq. Mən dedim ki, biz qisası döyüş meydanında alacağıq, lakin Ermənistan müharibənin ilk günündən mənim tələb etdiyim bütün ərazilərdən geri çəkiləcəyi tarixləri təqdim edən kimi biz dayandıq və sonra da sülh haqqında danışıqlara başladıq. İndi sülh bizim gündəliyimizdədir. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddiamız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu, onların seçimidir. Biz bunu onların buranı tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları olaraq, ya da heç kim tərəfindən tanınmayan dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər? Hesab edirəm ki, bu, legitim yanaşmadır. Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur. Bu yanaşma separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur. İndi biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Nəyə görə Gürcüstanın separatçı regionları ilə bağlı yanaşması Qərb cəmiyyəti və siyasətçiləri tərəfindən tamamilə anlaşılır, lakin bizim eyni mənşədən olan separatizmə son qoymaq üçün legitim istəyimiz sual altına alınır? Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcəyik.

Müxbir: Siz artıq əhaliyə və dövlətlərə mesajlar, o cümlədən təminatlar vermisiniz ki, istəsələr onlara qalmağa icazə veriləcək, onlar qorunacaqlar və burada yaşamağa icazə veriləcək. Bu gün ola bilsin ki, bizi izləyən ermənilərə mesajınız varmı? Şərt deyil bu, hökumət olsun, mən bilirəm, Siz baş nazir Paşinyanla təmasdasınız və ona mesaj göndərmək üçün bizim kameralarımıza ehtiyacınız yoxdur. Bəs ola bilsin ki, bizi izləyən başqa ermənilərə gəlincə necə? Bu gün qarşı tərəfə mesajınız nədən ibarətdir?

Prezident İlham Əliyev: Mən bu barədə düşünməmişəm, çünki həyatımda ilk dəfədir ki, mənə bu sual verilir.

Müxbir: Həqiqətənmi?

Prezident İlham Əliyev: Bəli. Düşünürəm ki, mən sualı iki hissəyə bölərdim. Birincisi, əgər onlar mənim söylədiklərimə qulaq asırlarsa, mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, baxmayaraq ki, müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Bununla belə, bizim heç bir ərazi iddiamız yoxdur. Lakin biz düşünürük ki, Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ var. Onlara digər bir mesaj ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya gələcəklər, Azərbaycan öz torpaqları uğrunda döyüşməyəcək, azərbaycanlılar artıq işğalla barışıblar. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi və bu, təkcə bununla bitmədi. O, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı. Onlar dərk etdilər ki, müharibəni uduzublar və çox güman ki, bu, onlar üçün psixoloji cəhətdən çox ağrılı oldu. İndi biz sülh istədiyimizi deyəndə, bu, ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik.

Erməni icmasına gəlincə, düşünürəm ki, onlar beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdırlar. Başa düşməlidirlər ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə proqnozlaşdırılmayan vəziyyət olacaq. Gördüyümüz kimi, dünyada və regionda geosiyasi vəziyyət çox kəskin şəkildə dəyişir. Onların təhlükəsizliyi ilə bağlı ümidlərinin bir qismi tamamilə yoxa çıxdı. İndi onlar yeni təhlükəsizlik qarantları axtarırlar. Kim bu ərazidə döyüş meydanında Azərbaycanla qarşıdurmaya hazırdır, xüsusilə bizim müharibə zamanı nümayiş etdirdiklərimizdən və müharibədən sonra müdafiə imkanlarımızı artırdığımızdan sonra? Ermənilərə görə bizə qarşı döyüşməyə hazır olan kimsə varmı? Mən buna şübhə edirəm.

Mənim konkret olaraq bu vəziyyətdə Ermənistan hökumətinə artıq çatdırdığım başqa bir mesaj ondan ibarətdir ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Qarabağdakı ermənilərə xatırlatmaq istərdim ki, biz onlarla təmaslara dərhal başladıq. Faktiki olaraq biz erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda xalqlar arasında təmaslar oldu. Mənə məlumat verildi ki, yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar demək olar dərhal dostlaşıblar. Əgər tikintinin birinci ayında rusiyalı sülhməramlılar hər iki tərəfin təhlükəsizliyini təmin edirdilərsə, sonradan onlar, sadəcə olaraq, çıxıb getdilər. Rusiya sülhməramlıları yox idi, onlar asanlıqla ünsiyyət qururdular. Beləliklə, bu, onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur.

Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu “liderlər”, - hazırkı və bundan əvvəlki “liderlər”, - onlara bütün bu müddət ərzində - müharibədən əvvəl, müharibə zamanı qalib gəldiklərini deyəndə yalan danışıblar. Hətta biz Şuşaya nəzarəti ələ alanda onlar deyirdilər ki, Şuşa onların nəzarəti altındadır. Onlar bunu çox yaxşı bilirlər. Onlar Xankəndidə hakimiyyəti ələ keçirmiş və əsas məqsədi öz maraqlarını güdmək olan bugünkü rejimin girovuna çevrilməməlidirlər.

Burada, Şuşada işğal dövründə tikilmiş üç villa var. Maraqlanırsınızsa, sizə onları göstərə bilərlər. Bu villalar Qarabağ ermənilərinin liderləri üçün tikilmişdi. Onlar bunu özləri üçün tikmişdilər. Şəhər tamamilə xarabalıqlar içərisində idi. Sizin indi gördükləriniz, o cümlədən bu “Qarabağ” hoteli, icra hakimiyyətinin binası, mehmanxanalar və hər şey bizim yenidənqurma prosesinin başlanğıcıdır. Onlar şəhərin ən yaxşı yerində özləri üçün 3 villa tikiblər. O insanlar ki, bu gün həmin qondarma, tanınmamış respublikaya rəhbərlik edirlər. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm.

Müxbir: Prezident İlham Əliyev, “Euronews”a müsahibə verdiyiniz üçün təşəkkür edirik.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

x x x

Müsahibədən sonra Prezident İlham Əliyev “Euronews”un müxbirinə işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəlləri barədə məlumat verdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib VİDEO

Fransada Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil edilib

Naxçıvanda “Uşaqların Rəngli Dünyası-2026” festivalı olub

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Tullantılar 2050-ci ilədək Avropanı kritik əhəmiyyətli xammalla təmin edəcək

“Bloomberg”: Aİ enerji böhranını aradan qaldırmaq üçün büdcə qaydalarını yumşalda bilər

Tramp 1,8 milyard dollarlıq kompensasiya fondunun yaradılması qərarını yenidən nəzərdən keçirir

ChatGPT” paylaşım keçidləri üzərindən zərərli proqram kampaniyası aşkarlanıb

Norveçdə tibb işçilərinin kəskin çatışmazlığı yarana bilər

Fiziklər ilk dəfə həm metala, həm də şüşəyə bənzəyən kristal yaradıblar

Kiyev ballistik raketlərlə vurulub, ölən və xəsarət alanlar var  YENİLƏNİB 2

İsveç partiyaları xaricdəki seçicilərin səsləri uğrunda mübarizəyə başlayıblar

Erkən ölüm riskini artıran məhsullar açıqlanıb

“Bakı Enerji Həftəsi” Türkiyə mediasının diqqət mərkəzindədir

Tramp: İranla ABŞ arasında razılaşma gələn həftə yekunlaşa bilər

Naxçıvan Dövlət Uşaq Filarmoniyası Balakəndə

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Qazaxıstanı məğlub edib

Bakıda D-8 ölkələrinin enerji nazirlərinin ilk iclası olub

Fransa və Belçika Luvr soyğunçuluğu ilə bağlı birgə araşdırma aparır

Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti – “Muğamat axşamı”

“Popkorn beyni” sindromu: Rəqəmsal dövrün görünməyən təhlükəsi

Media: Aİ üçüncü ölkələrdə deportasiya mərkəzlərinin yaradılmasına razılıq verib

Türkiyə millisi yoldaşlıq oyununda böyük hesablı qələbə qazanıb

Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib

Binəqədi rayonunda yol polisinə müqavimət göstərən sürücü saxlanılıb

Məsut Özil Bakı Enerji Həftəsi ilə bağlı paylaşım edib

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş musiqi bayramı

Cəlilabadda azyaşlı uşaq suda boğularaq ölüb

Sumqayıtda yaşayış binasında yanğın baş verib

Bakı Enerji Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB VİDEO

Bakı Enerji Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB VİDEO

Baş direktor: Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində tərəfdaşlar tapıb biznesi inkişaf etdirməyə nail olacağıq

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası ikitərəfli əməkdaşlığa töhfə verəcək

Osloda Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Qəbələdə şəhid və qazi övladları üçün özəl gün

Astana və Vaşinqton Orta Dəhlizin inkişafını nəzərdən keçirib

ABŞ Prezidenti: İsrail və “Hizbullah” bir-birinə hücum etməyəcək

SOCAR-ın prezidenti “KazMunayGas” şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb

Tramp: İran ilə danışıqlar sürətlə davam edir

“Gələcəyin qurucuları və memarları” - Ağcabədidə yaradıcılıq festivalı

Azərbaycan-ABŞ arasında TRIPP layihəsinin icrası məsələləri müzakirə olunub

Politoloq: Yüksək adaptiv müharibə şəraitində Ukrayna bir addım qabağı düşünür

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə AZƏRTAC balaca qonaqları üçün əyləncəli proqram təşkil edib VİDEO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə AZƏRTAC balaca qonaqları üçün əyləncəli proqram təşkil edib VİDEO

SOCAR və “ExxonMobil” birgə tərəfdaşlığı yenidən nəzərdən keçirib

Xoşbəxt uşaqlar işıqlı gələcək deməkdir

Tallində Müstəqillik Günü və Qurban bayramı münasibətilə tədbir keçirilib

“Space-Track”: Yer kürəsi ətrafında saatda 28 min kilometr sürətlə 33 mindən çox obyekt hərəkət edir

Xəzər dənizi vasitəsilə enerji nəqlinin təşkili məsələləri barədə fikir mübadiləsi aparılıb

Velko Simiç daha 2 il “Sabah”da

Oğuzda əlamətdar gün silsilə tədbirlərlə qeyd olunub

Nazir: Türkiyənin güclü Hərbi Hava Qüvvələri təhdidlərin qarşısının alınması amilidir

Basketbol millimiz Dünya Kubokuna qələbə ilə start verib

Azərbaycanla Mikroneziya arasında diplomatik münasibətlərin qurulmasına dair Birgə Kommünike imzalanıb

“Nvidia” və “Unitree” humanoid robotların hazırlanması üçün etalon platforma təqdim edib

Uşaq məhsullarına dair yeni dövlət standartları qəbul edilib

Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib VİDEO

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib VİDEO

Çexiya məhkəməsi Almaniya vətəndaşı olan neonasistin ekstradisiyası barədə qərar qəbul edib

SOCAR 31-ci “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə öz stendi ilə təmsil olunur

Bakı Zooloji Parkında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib

Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb

Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib YENİLƏNİB -2 VİDEO

Bu saata olan əsas xəbərlər

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Qriqori Trubnikovdan

Nikaraqua Respublikasının Həmprezidentləri Daniel Orteqa Saavedra və Rosario Murilyodan

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitdən

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbundan

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsdən

Polşa Respublikasının Prezidenti Karol Navrotskidən

Azərbaycan–Misir enerji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

Neft və neft-kimya ticarəti üzrə Azərbaycan–Özbəkistan əməkdaşlığı genişlənir

Soumaya Tebbi: Metan emissiyasının azaldılması üçün texnoloji inkişafa sərmayə yatırılmalıdır VİDEO

Soumaya Tebbi: Metan emissiyasının azaldılması üçün texnoloji inkişafa sərmayə yatırılmalıdır VİDEO

Kimya İnstitutunun əməkdaşları “Ümid Yeri” uşaq sığınacağını ziyarət ediblər

Azərbaycan növbəti Beynəlxalq İpək Yolu Astronomiya Konfransına ev sahibliyi edəcək

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb VİDEO

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb VİDEO

Namiq Abdullayev: Bu gün avtoqraf alan uşaqlar sabah Azərbaycanın idman ulduzları ola bilərlər

Fransanın keçmiş Baş naziri: Yeliseyə gedən yoldayam

Gənc pianoçu “Renessans” adlı solo konsert proqramı ilə çıxış edib

Fransada Azərbaycanın miniatür ruhunu yaşadan rəssam-Əli Seyran İmanzadə

SOCAR, “TotalEnergies” və XRG əməkdaşlığı genişlənir

Rövşən Əmrahov: Ölkəmizdə çoxlu sayda gənc istedadlı ifaçı var

Pərviz Şahbazov: Artan geosiyasi gərginliklər və yaşıl keçid qlobal enerji mənzərəsini yenidən formalaşdırır VİDEO

Pərviz Şahbazov: Artan geosiyasi gərginliklər və yaşıl keçid qlobal enerji mənzərəsini yenidən formalaşdırır VİDEO

Görmə məhdudiyyətli uşaqlar səhnədə “Sərhədsiz imkanlar”ı nümayiş etdiriblər VİDEO

Görmə məhdudiyyətli uşaqlar səhnədə “Sərhədsiz imkanlar”ı nümayiş etdiriblər VİDEO

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

Neftçi övladları Uşaqların Beynəlxalq Müdafiəsi Gününü valideynlərinin iş yerlərində qeyd ediblər

Almaniyada miqrasiya balansı iki dəfəyədək azalıb

Baş katib: İstənilən idman növünün təməli uşaq idmanının inkişafı əsasında qurulur

ESCAP: Mərkəzi Asiya regionu qlobal enerji keçidi üçün böyük potensiala malikdir

KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər

İçərişəhərdə idman bayramı: Uşaqlar məşhur çempionlarla bir araya gəliblər VİDEO

İçərişəhərdə idman bayramı: Uşaqlar məşhur çempionlarla bir araya gəliblər VİDEO

“II Birlik Yarmarkası” Xeyriyyə Rəsm Sərgisinin açılışı olub VİDEO

“II Birlik Yarmarkası” Xeyriyyə Rəsm Sərgisinin açılışı olub VİDEO

® “Azercell Könüllüləri” Uşaqların Beynəlxalq Müdafiəsi Gününü xüsusi təşəbbüslə qeyd edib 

Kişineuda Azərbaycan nağılları kitabı rumın dilində təqdim edilib

“Elləroyuğu” Yaylaq Festivalı: Şamaxıda Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsi nümayiş olunub

Xaricdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır

Energetika naziri: “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” regionlararası enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır VİDEO

Energetika naziri: “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” regionlararası enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır VİDEO

Lüksemburqda LuxAz Mərkəzinin rəsmi açılışı olub

Milli Məclisin sədri Serbiyaya işgüzar səfərə gedib

Alparslan Bayraktar: Enerji keçidinin maliyyələşdirilməsində beynəlxalq maliyyə institutları və özəl sektorun iştirakı vacibdir

Azərbaycanda kənd təsərrüfatının gələcək inkişafı üçün geniş imkanlar mövcuddur ŞƏRH

Ekspert: Kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanları daha da genişləndirilməlidir

BSU Çinin Hucou Pedaqoji Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb