AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜRCÜSTANIN XARİCİ İŞLƏR NAZİRİ GELA BEJUAŞVİLİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Prezident sarayında Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvilini qəbul etmişdir.
Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan, müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edən dövlətimizin başçısı Gürcüstanın Xarici İşlər Nazirliyinin əməkdaşlığımızın genişlənməsində rolunu nəzərə çarpdırdı.
Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Gürcüstan hissəsinin istifadəyə verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirakını məmnunluqla xatırladı.
Ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyini vurğulayan dövlətimizin başçısı xarici işlər naziri cənab Gela Bejuaşvilinin Azərbaycana səfərinin uğurlu keçəcəyinə əmin olduğunu bildirdi.
Prezident Mixail Saakaşvilinin səmimi salamlarını və xoş arzularını çatdıran Gela Bejuaşvili Gürcüstan rəhbərinin təbrik məktubunu Prezident İlham Əliyevə təqdim etdi. O, Azərbaycan və Gürcüstan prezidentləri arasındakı səmimi münasibətlərin ölkələrimizin əlaqələrinin inkişafında xüsusi rol oynadığını bildirdi. Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin daim genişləndiyini vurğulayan qonaq əmin olduğunu bildirdi ki, əməkdaşlığımız bundan sonra da inkişaf edəcəkdir.
Prezident İlham Əliyev səmimi salamlara və təbrik məktubuna görə minnətdarlığını bildirdi və onun da salamlarını Gürcüstan Prezidentinə çatdırmağı xahiş etdi.