AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Bakı, 2 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinin etimadnaməsini qəbul etmişdir.
Diplomat Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Vladimir Doroxin etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik və səmərəli şəkildə inkişaf etdiyini bildirdi. Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin ilk rəsmi səfərlərindən birini Azərbaycana etməsini yüksək qiymətləndirən dövlətimizin başçısı qarşılıqlı münasibətlərimizin strateji əməkdaşlıq xarakteri daşıdığını, bu əməkdaşlığın möhkəm tarixi əlaqələrə söykəndiyini vurğuladı. Azərbaycan rəhbəri bunun Rusiya Prezidenti Dmitri Medvedevin Bakıya səfəri zamanı dövlət başçılarının imzaladıqları Dostluq və strateji əməkdaşlıq haqqında bəyannamədə də öz əksini tapdığını bildirdi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini söylədi.
Səfir Vladimir Doroxin Rusiya Prezidenti Dmitri Medvedevin salamlarını dövlətimizin başçısına çatdırdı. Xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən diplomat Bakıya gəlməzdən əvvəl Prezident Dmitri Medvedevlə görüşü zamanı Rusiya rəhbərinin də ona ikitərəfli münasibətlərlə bağlı eyni fikirləri söylədiyini vurğuladı. Səfir bildirdi ki, Dmitri Medvedev Rusiya-Azərbaycan əlaqələrini müttəfiq dövlətlər arasındakı əlaqələr kimi dəyərləndirir. Vladimir Doroxin əminliklə vurğuladı ki, səfir kimi fəaliyyəti dövründə qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəkdir.
Prezident İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevin salamlarına görə minnətdarlığını bildirdi, özünün də salamlarını ona çatdırmağı xahiş etdi.
######
