AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ MOSKVANIN MERİ YURİ LUJKOV HEYDƏR ƏLİYEV FONDUNDA OLMUŞLAR
Burada moskvalı qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədləri barədə məlumat verildi. Bildirildi ki, Fondun əsas məqsədləri Prezident Heydər Əliyevin zəngin irsinin öyrənilməsinə yönəldilmiş genişmiqyaslı proqramların həyata keçirilməsini dəstəkləməkdən, milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının və Azərbaycan mədəniyyətinin geniş təbliği ilə bağlı işlərin görülməsinə kömək göstərməkdən, müstəqil Azərbaycanın iqtisadi qüdrətinin artmasına xidmət edən layihələrin gerçəkləşdirilməsində iştirak etməkdən, əhalinin rifahının yüksəldilməsinə dair müxtəlif proqramların və tədbirlərin dəstəklənməsindən ibarətdir.
Dövlətimizin başçısı İlham Əliyev Yuri Lujkova və onu müşayiət edən şəxslərə ümummilli liderimiz Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və müxtəlif dövrlərə aid eksponatlar barədə ətraflı söhbət açdı.
Qonaqlar Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən, Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərlə, dünyanın məşhur siyasi liderlərinin bəxş etdikləri hədiyyələrlə, dahi öndərimiz haqqında kitablarla tanış oldular.
Sonra Moskvanın meri Fondun fəxri qonaqları kitabına ürək sözlərini yazdı: “Azərbaycan xalqının böyük oğlu Heydər Əliyeviç Əliyevin xatirəsi keçmiş Sovet İttifaqının bütün xalqlarının və xüsusən onunla birlikdə olmuş insanların qəlbində əbədi yaşayacaqdır”.
Prezident İlham Əliyev və qonaqlar Fondun eyvanına çıxaraq, şəhərin mənzərəsini seyr etdilər. Dövlətimizin başçısı şəhərin inkişafından danışarkən bildirdi ki, hazırda Bakıda geniş miqyasda tikinti işləri aparılır və memarların, inşaatçıların qarşısında qədim paytaxtımızın milli koloritini də qoruyub saxlamaq vəzifəsi qoyulmuşdur.
Azərbaycan Baş nazirinin birinci müavini Abbas Abbasov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər də Fondda olmuşlar.