AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV XƏZƏRYANI ÖLKƏLƏRİN NƏQLİYYAT NAZİRLƏRİNİ QƏBUL ETMİŞDİR
Bakı, 2 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Xəzəryanı dövlətlərin nəqliyyat nazirlərinin birinci görüşündə iştirak edən Rusiya Federasiyasının nəqliyyat naziri İqor Levitini, Qazaxıstan Respublikasının nəqliyyat və kommunikasiya naziri Əbilqazi Kusainovu və Türkmənistanın dəmiryol nəqliyyatı naziri Dəryaqulu Məhəmmədquliyevi qəbul etmişdir.
Rusiya Federasiyasının nəqliyyat naziri Bakıda Xəzəryanı dövlətlərin nəqliyyat nazirlərinin birinci görüşünün yüksək səviyyədə təşkil edildiyini bildirdi, Azərbaycana sonuncu səfərindən ötən dövr ərzində ölkəmizdə çox böyük inkişafın şahidi olduğunu xüsusi vurğuladı.
Xəzəryanı dövlətlərin nəqliyyat nazirlərinin ilk görüşünün Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev nəqliyyat sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu, bu sahədə ölkəmizdə mühüm infrastruktur layihələrinin həyata keçirildiyini bildirdi. Dövlətimizin başçısı bu tədbirin Xəzəryanı ölkələrin əməkdaşlığının daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini söylədi.
######
